BDU-da “TEKNOFEST-2024”lə bağlı infosessiya keçiriləcək
Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. “TEKNOFEST-2024”də komandalar 46 əsas, 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar. “Gələcək Sənsən” şüarı altında təşkil olunan festivalda iştirak üçün qeydiyyat fevralın 20-dək davam edəcək.
Fevralın 2-də saat 11.00-da “Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Kösenin Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşü təşkil ediləcək. Görüşün əsas məqsədi “TEKNOFEST-2024” festivalı ilə bağlı tanıtım etmək və yarışmaya qatılmaq istəyən BDU komandalarının suallarını cavablandırmaqdır.
Qeyd edək ki, “TEKNOFEST” festivalı keçən il Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbul, Ankara və İzmir şəhərlərində keçirilib. BDU “TEKNOFEST-2023”də 4 komanda tərəfindən müxtəlif kateqoriyalar üzrə təqdim edilmiş 6 layihə ilə təmsil olunub. BDU komandaları “TEKNOFEST-İstanbul” festivalında I və III yerlərə, “TEKNOFEST-Ankara” festivalında isə “En iyi girişim” mükafatına layiq görülüb.
BDU-nun “TEKNOFEST-2024”də daha geniş tərkibdə iştirakı nəzərdə tutulub. Tələbələr tərəfindən hazırlanacaq layihələr festivalın “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Ağıllı nəqliyyat texnologiyaları”, “Turizm texnologiyaları” və “Pilotsuz uçuş aparatları” kateqoriyalarına təqdim ediləcək.