BDU-da tədbir: "Silinməz yaramız - Xocalı"
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş "Silinməz yaramız - Xocalı" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU-nun Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abıyev ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti barədə məlumat verib, Xocalı soyqırımının XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu deyib. Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması istiqamətində görülən işlər haqqında danışan dekan müavini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şəhidlərimizin qanını yerdə qoymadığını, işğal altında qalan bütün torpaqlarımız kimi Xocalının da azad olunduğunu bildirib.
Sonra BDU-nun Tarix fakültəsinin müəllimi Nurlan Abbasov Xocalı faciəsinin səbəbləri, ermənilərin uzunmüddətli etnik təmizləmə siyasəti barədə tarixi faktları müəllim-tələbə heyətinin diqqətinə çatdırıb. Erməni vəhşilikləri haqqında xatirələrini iştirakçılarla bölüşən çıxışçı qeyd edib ki, gənclər xalqımıza qarşı törədilən cinayətləri unutmamalı, dərindən öyrənməli və öyrətməlidirlər.
Tədbirin sonunda Xocalı soyqırımı haqqında videoçarx nümayiş olunub.