BDU-da “Sazlı-sözlü kəlağayı günləri”
Bakı Dövlət Universitetində (BDU) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Kəlağayı Muzeyi, İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə “Sazlı-sözlü kəlağayı günləri” adlı ədəbi-bədii tədbir keçirilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbirin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirildiyini bildirib. Qeyd edib ki, silsilə tədbirlər digər təhsil ocaqlarında da davam edəcək. Tədbirin keçirlməsində məqsəd milli-mənəvi dəyərlərimizin gənc nəsil arasında təbliği, adət-ənənələrimizin yaşadılmasıdır. Dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurlu siyasət aparıldığını qeyd edən natiq bildirib ki, milli dəyərlərimizin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur: “Bizim üçün çox əlamətdardır ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib”.
Gülllü Tomarlı Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə iştirakçılara geniş məlumat verib. Natiq bildirib ki, onun təşəbbüsü və rəhbərliyi ilə 2022-ci ildə ölkəmizdə Kəlağayı Muzeyi yaradılıb: “Muzeydə müxtəlif dövlərə aid kəlağayılar toplanıb. Eyni zamanda muzeyin təşkilatçılığı ilə bölgələrimizdə ədəbi-bədii gecələr, konsert proqramları və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur”.
Sonra BDU-nun kafedra müdiri Knyaz Aslan, klassik aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli, şair Səadət Buta, BDU-nun baş müəllimi Leyla Abasova və başqaları mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda tələbələr arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbir ədəbi-bədii hissə ilə davam edib, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib.