BDU-da SABAH qruplarına tələbə qəbulu haqqında infosessiya
Bakı Dövlət Universitetində (BDU) SABAH qruplarına bakalavriat və magistratura səviyyəsində tələbə qəbulu ilə bağlı infosessiya keçirilib. Ali təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən infosessiyada SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova tələbə qəbulu qaydaları, seçim mərhələləri, tələbə və məzunların naliyyətləri haqqında məlumat verib. Qeyd edib ki, 2024/2025-ci tədris ili üçün SABAH qruplarında baza ali təhsil müəssisələri üzrə ixtisasların siyahısında Qarabağ Universitetindən olan ixtisaslar da öz əksini tapıb.
Tədbirdə bildirilib ki, 2024/2025-ci tədris ili üçün BDU-nun SABAH qruplarının bakalavriat səviyyəsi üzrə 6 ixtisas, magistratura səviyyəsi üzrə isə 8 ixtisaslaşma ilə fəaliyyətinin davam etdirilməsi nəzərdə tutulub. Bakalavriat səviyyəsində Biologiya müəllimliyi, Kimya müəllimliyi, Fizika müəllimliyi, Biotexnologiya, Psixologiya və Kompüter elmləri ixtisasları üzrə qruplar təşkil olunacaq. Magistratura səviyyəsi üzrə isə Ehtimal nəzəriyyəsi və riyazi statistika, Əməliyyatlar tədqiqi və sistemli təhlil, Optimallaşdırma və optimal idarəetmə, Nanohissəciklər fizikası, Kompüter elmləri və texnologiyaları, Jurnalistika, Kimyəvi kinetika və kataliz və Molekulyar biologiya ixtisaslaşmalarında tədris aparılacaq.
Sonda isə tələbələrin sualları cavablandırılıb.
SABAH qrupları Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014–2015-ci tədris ilindən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılıb. Bu qruplar hazırda 13 ali təhsil müəssisəsində 55 ixtisas üzrə 4 minə yaxın tələbəni əhatə edir.