BDU-da nanotexnologiyanın müxtəlif sahələri üzrə tədqiqatlar davam edir
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Sevinc Məmmədyarova, Qönçə Eyvazova, Günel Əliyeva, Yüksək molekullu birləşmələr kimyası kafedrasının əməkdaşı Ofeliya Balayeva, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstutunun əməkdaşı Sevinc Məlikova, Geologiya və Geofizika İnstitutunun əməkdaşları Nazim Sadıqov və Məhəmmədəli Abdullayev, Fizika İnstitutunun əməkdaşı Nahidə Musayevanın həmmüəllifi olduqları “CuxCo3−xO4 nanohissəciklərinin sonokimyəvi üsulla sintezi, quruluş və optik xassələrinin və metilen göy boyaq maddəsinin deqradasiyası üçün fotokatalitik aktivliyinin tədqiqi” (“Synthesis of CuxCo3−xO4 nanoparticles by a sonochemical method and characterization of structural and optical properties and photocatalytic activity for the degradation of methylene blue”) adlı məqaləsi “Scopus” və “Web of Science” bazalarına daxil olan Q2 kvartilli “RSC Advances” (IF: 3.9) jurnalında dərc olunub.
https://pubs.rsc.org/en/content/articlelanding/2024/RA/D2RA08060E
İşdə təmiz və müxtəlif qatılıqlı Cu ilə aşqarlanmış Co3O4 nanohissəcikləri (CuxCo3−xO4) sonokimyəvi metodla sintez olunub və nanohissəciklər rentgen difraksiya (XRD), ultrabənövşəyi spektroskopiya, infraqırmızı spektroskopiya, raman spektroskopiya, keçirici elektron mikroskopu və enerji dispersiv rentgen spektroskopiya üsulları ilə öyrənilib. Nəticələr göstərib ki, CuxCo3-xO4 nanohissəciklərinin ölçüsü, qadağan olunmuş zonanın eni və fotokatalitik aktivliyi aşqar kimi istifadə olunan misin miqdarı ilə tənzimlənə bilər. Görünən işıq altında metilen göy boyaq maddəsi üçün ən yüksək deqradasiya effektivliyi 2 at% Cu ilə aşqarlanmış Co3O4 nanohissəciklərində müşahidə edilib və effektivliyin 87.51% olması müəyyən olunub. Nanohissəciklərin miqdarının artması və boyaq maddəsinin qatılığının azalması ilə effektivlik 93.19% və 90.48%-ə qədər artıb.