BDU-da nanomaterialların sintezi və tətbiqi üzrə tədqiqatlar davam edir
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Sevinc Mammadyarova, Qönçə Eyvazova, Ofeliya Balayeva, İlahə Hasanova, Günel Əliyeva, Sevinc Məlikova (Radiasiya Problemləri İnstitutu), Məhəmmədəli Abdullayevin (Geologiya və Geofizika İnstitutu) “Sonokimyəvi metodla sintez olunmuş Co3O4 nanohissəciklərinin Cu ilə aşqarlanmasının onların struktur, optiki və fotokatalitik xassələrinə təsiri" (“The effect of Cu doping on structural, optical properties and photocatalytic activity of Co3O4 nanoparticles synthesized by sonochemical method”) adlı məqaləsi “Scopus” bazasına daxil olan Q2 kvartilli “Optical Materials” (İF: 3.754) jurnalında dərc olunub.
https://www.sciencedirect.com/science/article/abs/pii/S0925346723005736
Məqalədə sonokimyəvi metodla sintez olunmuş təmiz və müxtəlif qatılıqlı Cu ilə aşqarlanmış Co3O4 nanohissəciklərinin rentgen difraksiya (XRD), ultrabənövşəyi spektroskopiya, infraqırmızı spektroskopiya, keçirici elektron mikroskopu və enerji dispersiv rentgen spektroskopiya üsulları öyrənilməsinin nəticələri təqdim olunub. Nəticələrin təhlilinə əsasən, CuxCo3-xO4 nanohissəciklərinin ölçüsü, qadağan olunmuş zonanın eni və fotokatalitik aktivliyi aşqar kimi istifadə olunan misin miqdarı ilə tənzimlənə bilər. Görünən işıq altında metilen göy boyaq maddəsi üçün ən yüksək deqradasiya effektivliyi, 500°C-də termiki emal olunmuş 2% Cu ilə aşqarlanmış Co3O4 nanohissəciklərin iştirakında müşahidə edilib və effektivliyin 87.51% olması aşkar olunub.