BDU-da “Küveyt dərsi” keçirilib
Bakı Dövlət Universitetində (BDU) Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən könüllü icra olunan “Azərbaycan - Küveyt dostluq körpüsü” layihəsi çərçivəsində “Küveyt dərsi” keçirilib. Azərbaycanla Küveyt arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, BDU-nun SABAH Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbiri BDU-nun SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova açaraq, Azərbaycan-Küveyt əlaqələrinin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolundan, ikitərəfli münasibətlərin mövcud durumundan və inkişaf perspektivlərindən danışıb.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Azərbaycan - Küveyt dostluq körpüsü” layihəsinin məqsədinin iki ölkə arasında əlaqələrin güclənməsinə töhfə vermək olduğunu bildirib. Qeyd edib ki, layihə çərçivəsində Azərbaycanda və Küveytdə müxtəlif səpkili tədbirlər təşkil ediləcək. Fuad Hüseynzadə iki ölkə arasında dostluq əlaqələrinin yaranma tarixi və inkişafı, Küveytdəki diasporumuzun fəaliyyəti haqqında məruzə edib.
Daha sonra Prezident İlham Əliyevin bu ilin fevralın 7-də keçirilən seçkilərdə inamlı qələbəsi münasibətilə Küveytdəki diasporumuzun təşkil etdiyi avtoyürüşlə bağlı videoçarx nümayiş olunub. Layihənin tərəfdaşı “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə tədbirə onlayn qoşularaq öz fəaliyyətləri haqqında məlumat verib.
BDU-nun Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli, Şərqşünaslıq fakültəsinin Ərəf filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev Azərbaycan - Küveyt əməkdaşlığının müxtəlif aspektlərinə dair çıxışlarında qeyd ediblər ki, iki ölkə arasında diplomatik münasibətlər 1994-cü il oktyabrın 10-da qurulub. Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. Küveyt tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş Qoşulmama Hərəkatının fəaliyyətində də yaxından iştirak edir. İki ölkə arasında beynəlxalq arenada bir çox məsələlərdə sıx əməkdaşlıq və əlaqələndirmə mövcuddur. Küveyt işğaldan azad edilmiş Azərbaycan ərazilərində tikinti-bərpa işlərinə də öz töhfələrini verir.
Sonra Azərbaycan Texniki Universitetinin tələbəsi Danə Əl Avadi "Küveytdən Azərbaycan necə görünür?" mövzusunda çıxış edərək, Azərbaycana olan sevgisindən danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.