BDU-da insan resurslarının idarəedilməsi üzrə təlim keçirilib
Bu gün Bakı Dövlət Universitetində (BDU) insan resurslarının idarəedilməsi üzrə təlim keçirilib.
BDU-nun Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyev insan resurslarının elektron idarə edilməsi, Əmək Məcəlləsində edilmiş dəyişikliklər barədə geniş məlumat verib. Məlumatlandırma sessiyasından sonra Mayis Əliyev Əmək Məcəlləsində edilmiş dəyişikliklərin şərhini verərək, onların tətbiqi qaydalarını izah edib. Bildirib ki, əmək münasibətlərinin tənzimlənməsində elektron informasiya sistemlərinin daha geniş tətbiqi işəgötürənlərin məsuliyyətini artırır, əmək münasibətlərinin daha şəffaf mühitdə reallaşmasını təmin edir, dövlət orqanları tərəfindən işəgötürənlərin əmək qanunvericiliyinin tətbiqinə nəzarətinin daha dəqiq və sürətli aparılmasına imkan yaradır. Əmək müqavilələrinin vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, işçilərin hüquqlarının pozulmasının qarşısını almaq və işəgötürənlərin məsuliyyətini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib. Sessiyada qanundan irəli gələn müddəalar, bu dəyişikliklərdə diqqət edilməli olan məqamlar barəsində müfəssəl məlumat verilib.
Sessiyada elektron əmək müqavilələrinin və bundan irəli gələn digər tənzimləmələrin “SİMA” rəqəmsal həllər platformasındakı “SİMA İmza” ilə aparıldığı da diqqətə çatdırılıb.
Sessiyanın sonunda BDU əməkdaşlarının sualları cavablandırılıb.