BDU-da ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrası yaradılır
Bakı Dövlət Universitetində (BDU) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Azərbaycanda ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrası yaradılır. Bu, BDU ilə ICESCO arasında imzalanmış sazişdə nəzərdə tutulur.
Biotibb - tibb elminin bioloji və fizioloji prinsiplərini klinik praktikaya tətbiq edən bir tədqiqat sahəsi kimi elmdə aparıcı mövqe tutur. Bu, BDU-nun təbiət elmləri sahəsində müəyyənləşdirdiyi 5 əsas prioritet elmi istiqamətlərdən birinə (biologiya və həyat elmləri istiqaməti çərçivəsində) də aiddir. Təsadüfi deyildir ki, BDU-da yeni yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (Excellence Center) nəzdində “Biomühəndislik”, “Mikrobiologiya və virusologiya” elmi-tədqiqat laboratoriyaları da fəaliyyət göstərir.
Biotibbi materiallar kafedrasının yaradılmasında məqsəd sənaye və yüksək səviyyəli tədqiqatçılar, ali təhsil müəssisələri və burada çalışan alimlər arasında əlaqələri, “təhsil-elm-sənaye” üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların alınması, tədqiqi və tətbiqi ilə bağlı araşdırmalara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Kafedrada bioloqların, kimyaçıların, fiziklərin, tibb sahəsi üzrə çalışanların və sənaye sektorunun nümayəndələrinin biotibbi tətbiqlər üçün potensial antimikrobial xüsusiyyətlərə malik qabaqcıl materialları hazırlamaq üçün səyləri birləşdiriləcəkdir.
Kafedrada akademik heyətlə sənayedən olan mütəxəssislərin birgə əməkdaşlığı sayəsində tibbin müxtəlif sahələri üçün perspektiv sayılan nanomodifikasiya olunmuş materialların laboratoriyadan istehsalata klinik transferinin məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradılacaqdır. Beynəlxalq fənlərarası şəbəkənin yaradılması yolu ilə nanosistemlərin ilkin dizaynının hazırlanması, effektivliyinin klinikadan əvvəlki sınaqlarının aparılması, farmakokinetika və toksikliyinin müəyyən edilməsinə də nail olunacaqdır.
Kafedranın yaradılması təkcə Azərbaycanda deyil, əməkdaşlıq çərçivəsində islam dünyası ölkələrində biotibb elmi istiqamətinin inkişafına da əlavə təkan verəcəkdir. Kafedra biotibbi materiallar üzrə tədqiqat işlərinin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına da yardım göstərəcəkdir.