BDU-da “Elmin inkişafı davamlı gələcəkdir” mövzusunda dəyirmi masa
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Elmin inkişafı davamlı gələcəkdir” mövzusunda dəyirmi masa keçirilib. Fakültə rəhbərliyi, bioloq alim və gənc tədqiqatçıların iştirak etdiyi tədbirdə müasir dövrdə biologiya elminin prioritet istiqamətləri müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan Biologiya fakültəsinin dekanı Afət Məmmədova il ərzində əldə olunmuş nailliyətlərdən söz açaraq, növbəti illərdə biologiya elmində prioritet istiqamətlərin tədqiq olunmasının vacibliyini diqqətə çatdırıb. O, biologiya elminin aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılması, elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Fakültənin professorları Ralfrid Həsənov, Xudaverdi Qənbərov, Ülviyyə Həsənova, Rövşən Xəlilov çıxışlarında biologiyada multidissiplinar tədqiqatların, tətbiqi və iqtisadi səmərəsi olan mövzuların araşdırılmasının ölkənin inkişafına fayda verdiyini qeyd ediblər.
Gənc tədqiqatçı Aytac Baxşıyeva dəyirmi masa iştirakçılarına Biologiya fakültəsində elmi motivasiyanın formalaşması, apardıgı elmi tədqiqat işi barədə məlumat verib.
Dəyirmi masada Biologiya fakültəsi alimlərinin elmmetrik bazalarda reytinqləri, mühüm elmi nəticələri haqqında məlumatlar da diqqətə çatdırılıb.