BDU-da “Elmdə qadınların rolu” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “Elmdə qadınların rolu” adlı tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə azərbaycanlı qadın alimlər haqqında videoçarx təqdim olunub. Sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri doktoru Yeganə İsmayılova, Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosenti, filologiya elmləri doktoru Qızılgül Abdullayeva və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Həqiqət Abdıyeva Azərbaycan cəmiyyətində qadınların rolu ilə bağlı geniş məruzə ediblər. Çıxış edənlər Azərbaycan elminin və təhsilinin, o cümlədən filologiyasının inkişafında qadınlarımızın müstəsna xidmətlərindən söz açıb, öz elmi-pedaqoji və həyat təcrübələrini tələbələrlə bölüşüblər.
Tədbir müzakirələrlə yekunlaşıb.