BDU-da “Dil millətin simasıdır” adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin, SABAH Mərkəzinin və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Dil millətin simasıdır” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Tədbirin moderatoru, Azərbaycan dilçiliyi kafedrasının və SABAH Mərkəzinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nahidə Həsənova ana dilini qorumağın və təbliğ etməyin vacibliyindən, bu istiqamətdə gənclərin qarşısında dayanan əsas vəzifələrdən söz açıb.
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev, kafedranın dosenti İsmayıl Məmmədov, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli tələbələri Azərbaycan dilinin tarixi inkişafı, mərhələləri barədə barədə məlumatlandırıblar. Bildiriblər ki, qloballaşmanın təsiri ilə dünya dilləri müxtəlif dəyişikliklərə məruz qalır. Ünsiyyət coğrafiyası geniş olan ana dilimiz keşməkeşli günlərdən keçərək və xarici təsirlərdən qorunaraq, bugünkü müasir vəziyyətini alıb. Natiqlər ana dilinin saflığının qorumasında kütləvi informasiya vasitələrinin əhəmiyyətindən, televiziya, radio və mətbuatda ədəbi dil normalarının pozulmasından, sosial şəbəkə istifadəçilərinin ana dilinə qarşı biganəliyindən söz açıb, dilimizi müasir gəncliyə düzgün aşılamağın ciddi məsələ olduğunu diqqətə çatdırıblar.
Tədbir bədii hissə ilə davam edib.