BDU-da Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
BDU-nun rektoru Elçin Babayev Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları, eləcə də Universitetin xanım əməkdaş və tələbələrini təbrik edib.
Rektor qeyd edib ki, Azərbaycan qadını tarix boyu öz zərifliyi, nəcibliyi, fədakarlığı, mübarizliyi ilə seçilib, ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında, elmin, təhsilin inkişafında fəal iştirak edib. Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyət həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə hörmət və ehtiramla yanaşıb.
BDU-nun rektoru vurğulayıb ki, bu gün Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilərək ölkənin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün öz töhfəsini verir. Ümummilli Lider Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edib, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında xanımların fəal iştirakına çox böyük diqqət yetirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir. Mehriban Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Elçin Babayev xatırladıb ki, BDU-nun inzibati idarəetmə bölmələri, fakültələri, elmi-tədqiqat laboratoriyalarında 1757 qadın çalışır, bu da ümumi işçi sayının 64 %-ni təşkil edir. Tələbələrin isə 67 %-i xanımlardır. BDU-nun qadın əməkdaşları AMEA-nın müxbir üzvləri, millət vəkilləri, elmlər doktorları, professorlar, peşəkar müəllimlər, tədqiqatçı alimlərdir. BDU-nun tələbə qızları beynəlxalq elm və yaradıcılıq müsabiqələrində ölkəmizi layiqincə təmsil edir, Universitetin adını yüksəklərə qaldırırlar.
Milli Məclisin üzvləri - BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva, Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədova, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov çıxışlarında Azərbaycan qadınlarının yüksək mənəvi keyfiyyətlərindən, ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıdan bəhs ediblər.
Tədbirin sonunda BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram nümayiş olunub.