BDU-da akademik Şahin Mustafayevin “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı
Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin iki cildlik “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı keçirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Şahin Mustafayevin üzərində böyük əmək sərf etdiyi “Təbriz livasının müfəssəl dəftəri” həm tarixi mənbə kimi, həm də dövrün mənzərəsini öyrənmək baxımından sanballı tədqiqat işidir. Rektor qeyd edib ki, Azərbaycan tarixşünaslığında Osmanlı maliyə-vergi dəftərlərinin əvəzsiz rolunu ilk dəfə gündəmə gətirən akademik Ziya Bünyadov olub. Onun təşəbbüsü ilə ötən yüzilliyin 80-ci illərində Cənubi Qafqaz və Azərbaycan ərazilərinə aid Osmanlı dəftərlərinin sistemli şəkildə öyrənilməsinə başlanılıb. Bundan sonra bir neçə tarixçi-alimimiz bu istiqamətdə tədqiqatlar aparıb: “Müstəqillyimizi bərpa etdikdən sonra Azərbaycan tarixşünaslığında ölkəmizin ayrı-ayrı vilayətlərinin və qonşu bölgələrin orta əsrlər sosial-iqtisadi tarixinin həmin dövr dövlətlərin arxiv materialları əsasında daha dərindən araşdırılması imkanı yaranıb. Xüsusilə Osmanlı arxivlərinin materialları, maliyə-vergi reyestrləri – “tapu təhrir dəftərləri” əsasında araşdırılması ənənəvi elmi istiqamətlərdən birinə çevrilib. “Təbriz livasının müfəssəl dəftəri” kitabı da belə tədqiqatlardan birinin nəticəsidir. 2017-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən tədqiqat layihəsi çərçivəsində Azərbaycanın üç tarixi vilayətinin – Təbriz, Marağa və Urmiyanın Osmanlı müfəssəl dəftərlərinin transliterasiya və nəşrə hazırlanması ilə bağlı işlər yerinə yetirilib. Adıçəkilən həmin layihənin nəticəsi olaraq “Təbriz livasının müfəssəl dəftəri” adlı iki cildlik kitab ortaya çıxıb”.
Elçin Babayev diqqətə çatdırıb ki, BDU artıq bu materiallar əsasında tədqiqatların aparılması üçün işlərə başlayıb. BDU-nun magistratura səviyyəsində “Təbriz livasının müfəssəl dəftəri”nin materialları əsasında magistrlik dissertasiyaları üçün mövzular planlaşdırılıb: “İnanırıq ki, magistranlarımız bu zəngin mənbənin materiallarından istifadə edərək sanballı elmi-tədqiqiat işləri aparacaqlar. Vətənimizin tarixinin daha dərindən öyrənilməsinə öz töhfələrini verəcəklər”.
Kitabın müəllifi, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev kitabın çapı işini öz üzərinə götürən BDU rəhbərliyinə təşəkkür edib. Bildirib ki, sovet dövrü Azərbaycan tarixşünaslığında daha çox ərəb və fars mənbələrinə müraciət olunub. XVIII əsrin 20-ci illərinə aid məlumatları özündə əks etdirən Osmanlı arxivlərindən isə ümumiyyətlə istifadə olunmayıb. Bu dəftərdə 1720-ci ildən başlayaraq Osmanlı hakimiyyətinin hökm sürdüyü Təbriz ərazisində əhalinin vergi siyahısı öz əksini tapıb. Bu mənbə ilə dövrün küçə, yer, insan adları, məhsuldarlıq səviyyəsi, əhalinin sayı və məskunlaşma faizi kimi məlumatları dəqiqliklə əldə etmək, dövrün iqtisadi vəziyyətinə işıq salmaq mümkündür. Təbriz dəftəri əsasında bu torpaqlarda yalnız Osmanlı vergitoplama praktikasının özəllikləri deyil, həm də sosial münasibətlər, şəhər həyatı, kənd təsərrüfatı, tarixi demoqrafiya və Təbrizin XVIII əsrin 20-ci illərindəki toponimikasını öyrənmək mümkündür.
BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, professor Eynulla Mədətli, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, yazıçı Həmid Herisçi çıxışlarında “Təbriz livasının müfəssəl dəftəri” kitabının Azərbaycan tarixşünaslığının böyük uğuru olduğunu bildiriblər. Qeyd ediblər ki, tariximizin qorunması və həqiqətlərin üzə çıxarılması baxımından mükəmməl nümunə olan əsər geniş tədqiqatlar üçün başlanğıcdır.
Qeyd edək ki, iki cilddən ibarət kitab BDU Elmi Şurasının qərarı ilə çap olunub.