BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdən əvvəl BDU kollektivi 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüb. Sonra tədbir böyük akt zalında davam edib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş olunub.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə həkk olunub. Rektor vurğulayıb ki, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək və Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edib. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra, 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Elçin Babayev diqqətə çatdırıb ki, bu gün xatirəsini daim əziz və uca tutduğumuz şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi və siyasi iradəsi, qüdrətli Ordumuzun rəşadəti, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı. Ötən ilin sentyabr ayında Ordumuzun lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonunda olan separatizm yuvası məhv edildi və milli suverenliyimiz bərpa olundu.
Milli Məclisin üzvü, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev çıxışında vurğulayıb ki, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar faciəsi ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Əməkdar jurnalist, 20 Yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər, Azərbaycan Dövlət Televiziyasının rejissoru, 20 Yanvar hadisələrinin canlı şahidi Əlimürsəl Hacızadə, BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev çıxışlarında qanlı faciə günləri ilə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun paytaxtda və bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən bəhs edilib, Vətən uğrunda canlarından keçmiş oğullarımızın Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı qeyd olunub.
Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı ədəbi kompozisiyanın nümayişi ilə başa çatıb.