BDU-da 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş xüsusi dərs keçirilib
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub. Əvvəlcə 20 Yanvar faciəsi zamanı və Qarabağ uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərs Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslanın mühazirəsi ilə davam etdirilib.
Mühazirədə 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə tələbələrə dolğun informasiya verilib, məkrli düşmənlərimizin xalqımıza qarşı zaman-zaman törətdikləri qanlı cinayətlərdən bəhs edilib. Knyaz Aslan bildirib ki, hadisənin təşkilatçıları həmin dövdə informasiya blokadası yaradıb, xalqımızın haqq səsinin dünyaya çatdırılmasına hər vəchlə mane olublar: “Faciənin baş verməsindən dərhal sonra Ümummilli Liderimiz Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi, bu qanlı hadisəyə kəskin etirazını ifadə edərək haqq səsimizi bütün dünyaya çatdırdı”. Mühazirədə qeyd olunub ki, Yanvar faciəsinə hüquqi-siyasi qiymət də məhz Ulu Öndərimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra verilib.
Həmin dövrdə jurnalist kimi fəaliyyət göstərən Knyaz Aslan müxtəlif qəzet və jurnallarda bu mövzuda dərc etdirdiyi məqalələrini tələbələrə nümayiş etdirib, eyni zamanda faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər və 2023-cü ilin sentyabrında aparılmış lokal antiterror tədbirləri nəticəsində bütün şəhidlərimiz kimi, 20 Yanvar faciəsinin qurbanlarının da qisası alınıb. Natiq qeyd edib ki, Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz xatirələri hər zaman qədirbilən xalqımızın qəlbində yaşayacaq.