BDU alimi Türkiyədə beynəlxalq konfransda “Heydər Əliyev və qadın siyasəti” adlı məruzə edib
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova Türkiyənin Kırklareli şəhərində keçirilən X Beynəlxalq Balkan sosial elmlər konfransında “Heydər Əliyev və qadın siyasəti” adlı məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, hakimiyyətdə olduğu bütün dövrlərdə qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini daim vacib bilib. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Ulu Öndərin siyasətinin ayrılmaz tərkib hissələrindən olub. Ümummilli Lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırıb. Məhz bu siyasətin nəticəsində Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artıb. Ulu Öndərin bu istiqamətdə imzaladığı çoxsaylı fərman və sərəncamları deyilənlərin bariz nümunəsi kimi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Məruzədə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, qadın problemlərinin ən üst səviyyədə həllinə nail olunmasında Ulu Öndərin müstəsna rolu inkaredilməz tarixi fakt kimi dinləyicilərin nəzərinə çatdırılıb. Ümummilli Liderin bünövrəsini qoyduğu strategiya, kursun tam gücü ilə, daha sistemli, mütəşəkkil formada davam etdirilməsi azad, müstəqil, hüquqi, dünyəvi dövlətimizin dünya arenasındakı uğurunun qarantı kimi dəyərləndirilib.
Sonda 2023-cü il dekabrın 26-da ictimai-siyasi, sosial-mədəni həyatda fəallığı ilə seçilən 500-dək qadının iştirakı ilə Azərbaycan Qadınlarının Forumunda 9 qeyri-hökumət təşkilatının təsis etdiyi “Bərabər İnkişaf Naminə” Koalisiya, onun məram, məqsəd, fəaliyyəti haqqında beynəlxalq konfransın iştirakçılarına geniş məlumat verilib.
Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.