BDU-105: Milli bioloqların yetişdirilməsində əvəzsiz xidmətlər göstərən Biologiya fakültəsi
Ötən əsrin əvvəllərində Azərbaycanda maarifçi ziyalılar milli şüurun, milli kimlik ideologiyasının formalaşmasını elm və təhsilin inkişafı ilə əlaqələndirir, yeni məktəblərin yaradılması və savadsızlıqla mübarizə məsələlərini milli təhsil platformasının əsası hesab edirdilər. Bu baxımdan ölkəmizin işıqlı zəka sahiblərinin 1919-cu ildə yaratdığı Bakı Dövlət Universiteti (BDU) xalqımızın təhsil sahəsində ən mühüm nailiyyəti kimi dəyərləndirilə bilər. Biri Tibb fakültəsi olmaqla, 2 fakültə ilə fəaliyyətə başlamış BDU-nun milli bioloq kadrların yetişdirilməsi istiqamətində 105 il ərzində keçdiyi tarixi yol digər təbiət elmlərinin inkişafına da öz töhfəsini verib.
1920-ci ildə BDU-nun ilk fakültələrdən olan Tibb fakültəsinin formalaşma prosesi tam başa çatıb, akademik heyəti müəyyənləşib. Fakültə maddi-texniki baza baxımından nisbətən daha yaxşı təchiz edilmişdi. Tibb fakültəsində təhsilin keyfiyyəti Rusiyanın ən güclü universitetlərinə bərabər hesab edilirdi. Fakültənin nəzdində 6 fənn komissiyası fəaliyyət göstərirdi və onlardan 2-si bioloji sahələrə aid idi. Morfoloji-patoloji komissiyanın nəzdində Normal anatomiya, Histologiya, Patoloji anatomiya, Ümumi anatomiya kafedraları, Fizioloji komissiyada Fiziologiya, Ümumi biologiya, Mikrobiologiya kafedraları fəaliyyət göstərirdi.
1924-cü ildə Universitetdə yeni açılan Pedaqoji fakültənin tərkibində Bitkilərin morfologiyası və sistematikası, Bitkilərin anatomiyası və fiziologiyası, Mikrobiologiya, Onurğasızlar və onurğalılar zoologiyası, Heyvan fiziologiyası kimi kafedralar yarandı. 1930-cu ildə həyata keçirilən islahatların nəticəsində Tibb fakültəsi BDU-dan ayrılaraq, müstəqil ali məktəbə çevrildi. XX əsrin əvvəllərindən başlayaraq biologiyanın müxtəlif istiqamətlərinin inkişafı, aparılan fundamental elmi-tədqiqat işlərinin nəticələri, habelə ölkədə ali təhsilli bioloq müəllimlərə yaranmış tələbat BDU-da müstəqil Biologiya fakültəsinin yaradılmasını zəruri edirdi. 1934-cü ildə Biologiya fakültəsi müstəqil fəaliyyətə başladı. Bioloji kafedralar Pedaqoji fakültədən ayrılaraq, Biologiya fakültəsinin tərkibində öz fəaliyyətlərini davam etdirdilər.
Biologiya fakültəsinin ilk dekanı professor Dmitriy Şutov olub (1934-1935). Sonrakı illərdə dekan vəzifəsində professorlar Vladimir Yelpatevski (1936-1938), Səfər Ələkbərov (1939-1941 və 1948-1949), Abdulla Qarayev (1942-1943), Mirəli Axundov (1943-1944), dosentlər Əli Abdullayev (1945-1946), Mirmusa Ağamirov (1947-1948), professorlar Məmməd Qasımov (1949-1950), Abdulla Ələkbərov (1951-1954), dosent Ənvər Musayev (1955-1956), professorlar Abdulla Ələkbərov (1957-1960), Abdulla Tağızadə (1961-1965), Həbibə Qasımova (1965-1968), Qara Mustafayev (1968-1972), Hüseyn Hüseynov (1972-1975), Arif İsmayılov (1975-1978), Neymət Qasımov (1978-1988), Ağavəli İbrahimov (1991-2010), Əməkdar elm xadimi, professor Akif Quliyev (1988-1991 və 2011-2020) fəaliyyət göstəriblər. Hazırda fakültənin dekanı professor Afət Məmmədovadır.
Fakültədə 1935-ci ildə İbtidai bitkilərin sistematikası kafedrası, 1937-ci ildə İnsan və heyvan fiziologiyası, Ümumi biologiya və darvinizm kafedraları yaradılıb. 1937-ci ildə Biologiya fakültəsinin nəzdində professor Mirəli Axundov tərəfindən Cənubi Qafqazda yeganə olan “Təkamül təlimi” muzeyinin əsası qoyulub. Keçən əsrin 40-cı illərində fakültədə iki istiqamətdə - botanika və zoologiya istiqamətləri üzrə kadr hazırlığı aparılırdı. Tədris Azərbaycan və rus dillərində həyata keçirilirdi.
Biologiya fakültəsinin ilk buraxılışı 1939-1940-cı tədris ilində olub. Həmin il fakültəni bitirən 18 məzundan 12-si azərbaycanlı idi. 1936-1937-ci tədris ilində BDU-da, o cümlədən Biologiya fakültəsində ilk dəfə olaraq Bitki fiziologiyası, Botanika və Zoologiya ixtisasları üzrə aspirantura şöbəsinə qəbul aparılıb. 1940-1941-ci tədris ilində Biologiya fakültəsindəki kafedraların sayı artıq 9-a çatmışdı. 1941-1945-ci illərdə Biologiya fakültəsi müharibə dövrünün qanunları ilə yaşamasına baxmayaraq, elmi potensialının bir hissəsini qoruyub saxlaya bilmişdi. Ancaq bu illərdə hələ də müvafiq dərslik və dərs vəsaitlərinin olmaması Azərbaycan dilində tədrisi xeyli çətinləşdirirdi. Bu dövrdə professor Abdulla Qarayevin “Hissiyat orqanlarının fiziologiyası”, 1950-ci ildə isə "Mərkəzi sinir sisteminin fiziologiyası" kitablarının nəşri insan fiziologiyası sahəsində böyük əhəmiyyət kəsb edirdi.
1950-ci illərdə canlı təbiətin yaranma və inkişafını öyrənən biologiyanın tədrisinin keyfiyyətində davamlı inkişaf müşahidə olunurdu. Həmin dövrdə Universitet gənc bioloqların, yenilikçi tədqiqatçıların hazırlığı üzrə mühüm mərkəzə çevrilmişdi. 1961-ci ildə İnsan və heyvan fiziologiyası kafedrasının nəzdində biologiyanın müasir problemləri istiqamətində elmi tədqiqat işləri aparmaq üçün "Biostimulyatorlar" elmi-tədqiqat laboratoriyası açıldı.
1960-cı illərin sonu - 1970-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə bütövlükdə Azərbaycan cəmiyyətində, o cümlədən elm və təhsil sahəsində də köklü dəyişikliklər baş verdi. Bu dönəmdə ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər sayəsində Biologiya fakültəsində 1972-ci ildən Biokimya, 1976-cı ildən Biofizika və molekulyar biologiya kafedraları müstəqil olaraq fəaliyyətə başladı. 1967-ci ildə Quba rayonu 2-ci Nügədi kəndində tədqiqat-təcrübə üçün ərazi ayrıldı. Biologiya fakültəsinin tələbələri 1970-ci ildən başlayaraq bu təcrübə bazasında ixtisas hazırlığı üçün çox önəmli olan təcrübələr keçməyə başladırlar.
Biologiya fakültəsinın əməkdaşlarından akademik Abdulla Qarayev Azərbaycanda fiziologiya elminin banisi, akademik Səttar Əsədov məşhur zooloq-parazitoloq, akademik Cəlal Əliyev bitki fiziologiyası sahəsində məşhur alim, Əməkdar elm xadimi, professor Dəmir Hacıyev görkəmli zooloq-paleontoloq, Müzəffər Abutalıbov kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, professor Yusif Əbdürrəhmanov ixtiologiya, professor Məmməd Qasımov botanika, Əməkdar elm xadimi, professor Mirəli Axundov təkamül təlimi, professor Tofiq Məmmədov biotexnologiya, akademik Urxan Ələkbərov genetika və davamlı inkişaf sahələrində görkəmli alim-mütəxəssis kimi dünyada tanındılar. 1970-1980-ci illərdə bu alimlərin yaratdığı elmi əsaslar üzərində respublikada biologiya elmi beynəlxalq səviyyəyə yüksəldi, bu məktəb yeni nəsil alimlər yetişdirdi.
BDU-da 2000-ci ildə Bolonya prosesinə keçid pilot layihə kimi məhz Biologiya fakültəsindən başlayıb. 2005-ci ildə BDU-nun Biologiya, Kimya, Fizika, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında Nanoaraşdırmalar mərkəzi yaradılıb. Bu mərkəzdə nanotədqiqatlar sahəsində aparılan tətbiqi xarakterli araşdırmalar dünyanın bu istiqamətdə ixtisaslaşmış elm mərkəzlərində çalışan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Beynəlxalq maliyyə mərkəzləri alimlərimizin layihələrinə böyük məbləğdə qrantlar ayırıb. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqatların nəticələri 60-dan artıq nüfuzlu jurnalda dərc edilib.
Biologiya fakültəsi 2002-ci ildən etibarən müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak edib. Beynəlxalq proqramlarda iştirak edən layihələr hesabına fakültənin maddi-texniki bazası yenilənib və təkmilləşdirilib.
2014-cü ilin nəticəsinə görə, Biologiya fakültəsi BDU-nun tarixində və Azərbaycan universitetləri arasında ilk dəfə olaraq Avropa Birliyinin “TEMPUS” proqramı çərçivəsində eyni vaxtda 4 layihə qazanıb.
Fakültə geniş respublikadaxili və beynəlxalq əlaqələr şəbəkəsinə malikdir. Fakültədə çoxsaylı beynəlxalq layihələr hesabına tələbələrin səmərəli istehsalat təcrübəsi və universitetlərarası mübadilə proqramları həyata keçirilir. Hazırda fakültənin elmi potensialı Molekulyar Biologiya və Biotexnologiya İnstitutu, Botanika İnstitutu, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Radiasiya Problemləri İnstitutu, Biofizika İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Zoologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Geologiya Elmi-Tədqiqat İnstitutu, H. Zərdabi adına Təbiət Tarixi Muzeyi və Bakı şəhərində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməyə imkan verir. Göstərilən təşkilat və müəssisələr fakültədə təhsil alan tələbələrin elmi və təhsil təcrübələrinin təşkilində, əməkdaşların ixtisas səviyyələrinin artırılmasında fəal iştirak edirlər.
Biologiya fakültəsi Türkiyə (EGE Universiteti, İzmir Texnologiyalar İnstitutu, Diclə Universiteti, Mardin Artuklu Universiteti), Gürcüstan (Tbilisi Dövlət Universiteti), Rusiya Federasiyası (Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti), Çexiya Respublikası (Karlova Universiteti, Çex Respublikasının Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun “AlgaTech” mərkəzi, Praqanın Kimya Texnologiyaları İnstitutu, Çexiyanın Brno şəhərindəki Mendel Universiteti, Çexiyanın Cənubi Bohemiya Universiteti), ABŞ (Emori Universiteti), Almaniya (Heidelberg Universiteti, Mains Universitetinin nəzdində Tibb mərkəzinin Patobiokimya İnstitutu), Belçika, İtaliya (Pavia Universiteti), İspaniya (La Korunya Universiteti), Pakistan (Quaid-i Azam Universiteti, Lahor Universiteti) və s. ölkələrin aparıcı universitetləri və elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir, müxtəlif beynəlxalq proqramlar çərçivəsində elm və tədris sahəsində əhəmiyyətli layihələr həyata keçirir.
Biologiya fakültəsi Azərbaycanın biologiya ixtisasına uyğun digər elm və təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir. Fakültə kollektivi “Nəzəriyyədən təcrübəyə, elmi yenilikdən tətbiqə doğru” şüarını əsas tutaraq sənaye, kənd təsərrüfatı və tibb müəssisələri ilə əlaqələri genişləndirməyi hədəf götürür. Hazırda Biologiya fakültəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərikimya” İstehsalat Birliyi, "The Coca-Cola Company" şirkəti, “Veysəloğlu“ Məhdud Məsuliyyətli Cəmiyyət, “Ulduz” şokolad fabriki, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, “Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azər Maya” Qapalı Səhmdar Cəmiyyəti, “Azza” Qapalı Səhmdar Cəmiyyəti, “Milla Dairy“ Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avromak” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Biyan products” Məhdud Məsuliyyətli Cəmiyyəti, SEBA Koreya Şərq Təbabəti Klinikası, “AZGRANATA” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Fetal Mərkəz NS Genetics” klinikası ilə əməkdaşlıq edir.
BDU-nun Biologiya fakültəsi ölkədə biologiya ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir. Əgər 1994-cü ilə kimi məzunlar fakültəni “Biologiya və kimya müəllimi”, “Tibbi biologiya”(1990-1994) ixtisasları üzrə bitirirdisə, hazırda ali təhsil pilləsinin bakalavriat səviyyəsində 6 ixtisas – "Biologiya", “Biologiya müəllimliyi”, "Su bioehtiyatları və akvakultura", "Biotexnologiya", "Bitki mühafizəsi" və "Qida mühəndisliyi" ixtisasları üzrə Azərbaycan, rus və ingilis dillərində 1200-dən artıq tələbə təhsil alır. 2017-2018-ci tədris ilindən etibarən Elm və Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadr hazırlığı məqsədilə “Biologiya müəllimliyi”, 2023-cü ildən isə “Biotexnologiya” ixtisasları üzrə SABAH qrupları yaradılıb.
Biologiya fakültəsində magistratura səviyyəsində 2 ixtisas və 20 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır. Doktorantura təhsil səviyyəsi üzrə 10 istiqamətdə yüksəkixtisaslı elmi kadrlar hazırlanır. Fakültədə magistratura səviyyəsində ikili diplom proqramları Qazaxıstanın L.N.Qumilyov adına Milli Avrasiya Universiteti ilə (tədris rus dilində) və İsrailin Yerusəlim İbrani Universiteti (tədris ingilis dilində) ilə “Biotexnologiya” ixtisası üzrə həyata keçirilir.
Hazırda fakültədə 6 kafedra - Biofizika və biokimya, Botanika və bitki fiziologiyası, Genetika, Molekulyar biologiya və biotexnologiyalar, Zoologiya və fiziologiya, İSECO-nun Biotibbi materialar kafedraları və 13 tədris laboratoriyası fəaliyyət göstərir.
Biologiya fakültəsinin magistrant və doktorantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində elmi tədqiqatla məşğul ola bilirlər.
Biologiya fakültəsində tədris prosesinin təşkilində AMEA-nın 1 həqiqi, 1 müxbir üzvü, 16 professor, 35 dosent, 26 fəlsəfə doktoru və müəllim, 24 nəfərdən ibarət texniki heyət iştirak edir. Eyni zamanda, digər universitetlərdən və tədqiqat institutlarından AMEA-nın 1 həqiqi, 2 müxbir üzvü, 17 professor, 37 dosent, müxtəlif istehsalat müəssisələrindən 34 nəfər mütəxəssis dəvət olunaraq tədris prosesinə cəlb olunurlar. Biologiya fakültəsində digər fakültələrin 76 nəfərdən ibarət professor-müəllim heyəti ümumi, ictimai və multidisiplinar fənlər üzrə tədrisdə iştirak edirlər.
XXI əsr biologiya əsridir, çünki həyatın əsas proseslərini tədqiq və idarə etməyə məhz biologiya elmi qadirdir. Canlı orqanizmlərin sirlərini, ətraf mühitlə əlaqələrini müxtəlif səviyyələrdə öyrənən, canlı sistemləri, o cümlədən hər şeyin mərkəzində duran insanın sağlamlığını mühafizə etmək üçün aparılan araşdırmalar sayəsində əldə edilən bioloji ixtira, yenilik və innovasiyalar bəşəriyyətin gələcəyini təmin edir. Fundamental bioloji biliklər, bioloji elm sahələri, müşahidə və tədqiqatlar təkcə həyati prosesləri və mexanizmləri dərk etməklə kifayətlənmir, onlar tibb, kənd təsərrüfatı, aqrar sektor, qida sənayesi, ekosistemlərin mühafizəsi, təbii resursların istifadə və mühafizəsi, sintetik bioloji maddələrin, bioloji tibbi avadanlıqların sintezi, gen redaktəsi, süni intellekt sahəsində nailiyyətlərlə birbaşa əlaqəlidir. Bu prioritet məsələlər biologiya elmini mərkəzdə qoyaraq onun kimya, fizika, data elmləri, kompüter proqramlaşması, iqtisadiyyat sahələri ilə multidisiplinar şəkildə inkişafını zəruri edir. Buna görə də BDU-da biologiyanın müxtəlif sahələrinin inkişafının təmin edilməsi aktual və təxirəsalınmaz məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Biologiya sahəsində yüksək səviyyəli kadrların formalaşdırılması gələcəyin davamlı inkişafının əsaslarından hesab olunur, çünki məhz biologiya elminin tərəqqisi biomüxtəlifliyin qorunması, tullantısız istehsal, yaşıl istehsal kimi mühüm məsələlərin həllini təmin edə bilər.
Biologiya fakültəsinin bir neçə kafedrasının əməkdaşları “TEMPUS”, “ERASMUS+”, NATO-nun Elm və Sülh Naminə Proqramları çərçivəsində reallaşdırılan çoxsaylı layihələrdə, Azərbaycan Milli Elm Fondu, ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun, Ukrayna Elm və Təhsil Mərkəzinin (STCU) dəstəklədiyi layihələrdə iştirak ediblər. Fakültə əməkdaşları həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maliyyəsi ilə həyata keçirilən layihələrdə rəhbər və iştirakçı olublar. Fakültə əməkdaşları tərəfindən aparılan elmi tədqiqatların nəticələri beynəlxalq indeksləmə bazalarına daxil edilən nüfuzlu jurnallarda nəşr olunub, fakültə üzrə qlobal elmi bazalardan istifadə aktivliyinin dinamikasında, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında və istinadlarda artım müşahidə edilib.
Biologiya fakültəsinin məzunları fundamental bilik və bacarıqlar qazanmaqla əmək bazarının tələblərinə cavab verən istiqamətlərdə öz karyeralarını uğurla qura bilirlər. Bu, orta təhsil müəssisələrindən müxtəif istehsalat müəssisələrinədək geniş diapazonlu bir karyera imkanıdır. Məzunlar biologiya profilli elmi-tədqiqat institutlarında, sənaye müəssisələrinin (qida, əczaçılıq və s.) laboratoriyalarında, ətraf mühitin (su, hava, torpaq) keyfiyyətinə nəzarət edən müəssisələrdə, tibb müəssisələri nəzdində fəaliyyət göstərən elmi mərkəz və laboratoriyalarda, balıq, digər şirin su və dəniz məhsullarının artırılması, mühafizəsi, istehsalı ilə məşğul olan qurumlarda, biotexnoloji proseslərə əsaslanan istehsalat müəssisələrində (süd, ət məhsulları, müxtəlif içkilər və digər qida məhsulları, əczaçılıq və s.), aqrar sektorun biotexnoloji laboratoriyalarında, Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən müəssisələrdə, milli parklar, qoruqlar və digər mühafizə olunan ərazilərdə, qida təhlükəsizliyi və qida istehsalı müəssisələrində çalışa bilərlər.