Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə institutun direktoru, akademik Fikrət Əliyev açıb. O bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində terror aktı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca ödürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayıb.
Sonra İnstitutun direktor müavini Hikmət Axundov, institutun əməkdaşı Nazilə Hacıyeva çıxış edərək Xocalı şəhidlərinə Allahdan rəhmət dilədilər.