BDU-nun Fizika Problemləri ETİ-nin “Nəzəri Fizika” şöbəsinin müdiri, dosent Şahin Ağayevin nüfuzlu jurnallarda məqalələri dərc edilmişdir.
BDU-nun Fizika Problemləri ETİ-nin “Nəzəri Fizika” şöbəsinin müdiri, dosent Şahin Ağayevin çoxkvarklı adronlara həsr edilmiş tədqiqatlarının nəticələri nüfuzlu, Web of Science Clarivate Analytics beynəlxalq elmi məlumat bazasına daxil olan yüksək təsir əmsallı (impakt faktorlu) jurnallarda dərc edilmişdir.
Belə ki, altı kvarkdan ibarət uuddss tərkibli skalyar hissəciyin kütləsi hesablanmış, onun mütləq sabit xarakteri nümayiş etdirilmişdir. Heksakvark adı ilə tanınan bu hissəciyin kainatda “Görünməz Maddə” (Dark Matter) rolunu oynaya bilməsi, bir sıra astrofiziki problemlərin izahında yeri müzakirə edilmişdir. The scalar hexaquark uuddss: a candidate to dark matter? (Skalyar uuddss heksakvarkı: görünməz maddəyə namizəd?) məqaləsi J. Phys. G: Nucl. Part. Phys. 47, 095001 (2020) (IF=2.415) jurnalında işıq üzü görmüşdür.
Yüksək enerjilər fizikasının aktual problemlərindən olan və son illərdə intensiv nəzəri və eksperimental tədqiqatlar obyektinə çevrilmiş dördkvarklı mezonların və ya tetrakvarkların araşdırılmasına həsr edilmiş Heavy exotic scalar meson (Ağır eqzotik skalyar meson ) və Stable scalar tetraquark (Stabil skalyar tetrakvark ) məqalələri müvafiq olaraq Phys. Rev. D 101, 094026 (2020) (IF=4.38) və Eur. Phys. J. A56, 177 (2020) (IF=2.176) jurnallarında dərc edilmişlər. Bu tədqiqatlarda ağır bb kvarklardan və yüngül ud və us antikvarklardan ibarət mezonların güclü və elektromaqnit təsirlərə qarşı dayanıqlı olduqları sübut edilmişdir. Göstərilmişdir ki, bu tetrakvarklar yalnız zəif qarşılıqlı təsir nəticəsində parçalana bilərlər. Məqalələrdə onların kütlələri, tam effektiv en kəsikləri və yaşama müddətləri hesablanmışdır. Əldə olunmuş nəticələr LHCb, BESIII, Belle qrupları tərəfindən aparılan eksperimentlər üçün mühüm əhəmiyyət kəsb edir.
Məqalələri oxumaq üçün linklərə keçid edə bilərsiniz:
https://doi.org/10.1088/1361-6471/ab9a0e