Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan Azərbaycan Bayrağı

Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik.

Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan

sədaqət, sevgi və məhəbbətin rəmzidir.

Ümummilli Lider Heydər Əliyev

 9 noyabr - Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Milli varlığımızın, suverenliyimizin, həmrəyliyimizin, gücümüzün rəmzi olan Azərbaycan Bayrağının 102 il öncə təsdiqləndiyi bu gün minlərlə şəhidimizin al qanı ilə suvarılan Vətənimizin qürur mənbəyidir. Rənglərinin simvolikası ilə məramını ifadə edən müqəddəs bayrağımız milli kimliyimizin rəmzidir. Dövlət başçımız cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.

Suverenliyimizin rəmzi olan bayrağımız dövlətimizin müstəqilliyi uğrunda canlarını fəda edən oğul və qızlarımızın qanı ilə boyanmışdır. Milli yaşam fəlsəfəmiz olan bayrağımızın rəngləri ilə bağlı ideyaları Ümummilli Liderimiz Heydər Əliyev öz dühası ilə əbədiləşdirmiş və dünya durduqca var etmişdir. Hələ dövlət müstəqilliyimizi bərpa etməmişdən öncə - 1990-cı ilin 17 noyabrında Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağımızı Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiq etdi. Bu, olduqca cəsarətli və uzaqgörən bir addım idi, bu addım eyni zamanda müstəqilliyimizə gedən yolda ciddi dönüş nöqtəsi idi. 1991-ci il oktyabrın 18-də dövlət müstəqiliyimizi bərpa etdikdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağımız da bərpa edildi. “Türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasını rənglərində əbədiləşdirən bayrağımız müasir Azərbaycanın tarixi dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirir, bu ənənələri inamla yaşadır.

Milli ruhun dirçəldilməsi, milli təfəkkür və azərbaycançılıq ideologiyasının, adət-ənənələrimizin, tariximizin yaşadılması, xalqımızın milli maraqlarının daim qorunub saxlanılması Ümummilli Lider Heydər Əliyevin Vətənə, xalqına bağlılığından irəli gəlir. Bayrağımızdakı mavi rəngin ifadə etdiyi türkçülük ideyalarını möhkəmləndirən, 1990-cı ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə azərbaycançılıq məfkurəsinin formalaşmasına nail olan Ulu Öndər sonrakı illərdə imzaladığı sərəncamlarla milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına daha geniş imkanlar yaratdı. Ölkədə demokratik islahatlara başlamaqla qırmızı rəngin rəmzinə uyğun olaraq müasirliyin, dünya birliyinə inteqrasiyanın təməli daha möhkəm əsaslarla qoyuldu.

Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda nadir memarlıq nümunəsi olan Dövlət Bayrağı Meydanının yaradılması Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərdi.

Bu gün şanlı bayrağımız bütün tarixi və əlamətdar günlərdə, dövlət rəhbərimizin rəsmi səfərlərində, beynəlxalq tədbirlərdə, yarışlarda, olimpiadalarda Azərbaycanın adını yüksəldiyi ucalıqlardan qürurla dünyaya çatdırır, varlığımızı, milli mənsubiyyətimizi inamla təsdiqləyir. Azərbaycan bayrağı bütün dövlət təşkilatlarının, diplomatik korpusların və nümayəndəliklərin binaları üzərində müstəqilliyimizin rəmzi kimi dalğalanır, beynəlxalq tədbirlərdə dünya dövlətlərinin bayraqları arasında Azərbaycanın simvolu kimi əzəmətlə dayanır. Öyündüyümüz bayrağımızın belə yüksəkliklərdə görünməsi cənab Prezidentimiz İlham Əliyevin ləyaqətlə davam etdirdiyi siyasətin, müstəqilliyimizin tərənnümüdür.

Bayrağımızın əbədi dalğalanacağı məkanı bəllidir - xalqımızın ürəyi və Vətən torpağımızın ən hündür zirvələri! Bu bayraq bir dəfə yüksəldisə, bir daha enməyəcək... Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra dövlət bayrağımız Qarabağın hər bir qarışında, işğal olunmuş bütün yurdlarımızda, Xankəndidə, Laçında, Ağdamda, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə... dalğalanır. Bugün Azərbaycan bayrağı bir başqa ucalıqda görünür. Zirvələrə ucalan bayrağımız daha qürurla və məğrurluqla dalğalanır.