Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 26 noyabr tarixli və Xalq Təhsili Nazirliyinin 1991-ci il 16 dekabr tarixli qərarları əsasında yaradılmışdır.
İnstitutda İnformasiya texnologiyaları və riyazi modelləşdirmə, Sistemli analizin riyazi problemləri və Tərs məsələlər və obrazların tanınması şöbələri fəaliyyət göstərir. İnstitutda dinamik proseslər, idarəetmə və iqtisadi sistemlərin riyazi modelləşdirilməsi, informasiya resurslarının hazırlanması, qeyri-xətti proseslərin riyazi modelləşdirilməsi, iqtisadi proseslər, eləcə də, fizika, geofizika və texnika kimi elm sahələrində tərs məsələlərin tətbiqi istiqamətləri üzrə elmi-tədqiqatlar aparılır. İnstitutun əməkdaşlarının əldə etdikləri nəticələr bir çox elmi jurnallarda çap olunmuş, ABŞ, Fransa, İtaliya, Türkiyə, Rusiya, İran, Pakistan və s. kimi ölkələrdə keçirilmiş beynəlxalq konfrans, simpozium və seminarlarda mərüzə edilmişdir. İnstitut 50-dən çox ölkənin 250-dən artıq universitet və elmi müəssisəsi ilə əməkdaşlıq edir.
İnstitutda Web of Science Core Collection bazasında Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” və Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “TWMS Journal Pure and Applied Mathematics” jurnalları dərc olunur. “Applied and Computational Mathematics” jurnalının redaksiıya heyətinə dünyanın 20 ölkəsindən 38 görkəmli alim daxildir. “Science Citation Index Expanded” bazasında indekslənən “TWMS Journal Pure and Applied Mathematics” jurnalı “Riyaziyyat” və “Tətbiqi riyaziyyat” kateqoriyalarında Q1 kvartilli jurnallar siyahısına daxildir. 2010-cu ildən başlayaraq ingilis dilində nəşr olunan jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələri üzrə elmi məqalələr dərc edilir. Qeyd edək ki, jurnalda dərc olunan məqalələr “MatReviews”, “Zentrablatt” və “VINITI” kimi bazalarda arxivlənir.