Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir

21.11.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda “Yarımkeçiricilər Fizikası” şöbəsinin baş elmi işçisi, f.r.e.d., prof. Şahlar Əsgərov “Qeyri bircins metal-yarımkeçirici kontaktın fizikası” mövzusunda çıxış etmişdir.
XX əsr boyu bərk cisimlərin həcmi xassələri mükəmməl öyrənilmişdir. Ancaq bərk cisimlərin səth xassələri haqqında bunu demək olmaz. Baxmayaraq ki, səth haqqında biliklər praktiki əhəmiyyət kəsb edir. İS ölçüləri azaldıqca səth effektləri, həcm effeklərini üstələyir. Hal-hazırda səth fizikasının öyrənilməsi bərk cisimlər fizikasında mərkəzi yer tutur. Səthdə gedən fiziki, fiziki-kimyəvi proseslərin öyrənilməsi bərk cisim elektronikasında, günəş və yüksək temperaturlar elektronikasında tətbiqi baxımdan çox aktualdır.

Mikroelektronika, daha doğrusu planar texnologiya elektronikada inqilab etdi və elektronikanın paradiqmasını dəyişdi. Radioelektron aparaturanın (REA) üç ölçüsündən birini götürdü. Hazırda üfüqdə nanoelektronika görünür. Əgər nanoelektronika da iki ölçünün birini götürərsə, onda elektronikada ikinci inqilab baş verəcək.

Bu məruzədə son 40 ildə “Amorf Təbəqələr Lab” kontakt və səth hadisələrinin tədqiqi zamanı əldə edilmiş nəticələrin xülasəsi təqdim olunur. Bu illər ərzində bu istiqamətdə bir neçə doktor işi və 15 dən çox namizədlik işləri yerinə yetirilmişdir. Bu tədqiqatların nəticəsində MYK və M-V kontaklarına fiziki baxış dəyişmiş, qeyri-bircins model təklif edilmişdir. Qeyri-bircinsliliyə həssas bəzi kontakt və səth hadisələri ilə bağlı nəticələr təqdim olunur. Qeyri-bircinslilik metal təbəqənin mikrostrukturu nəticəsində törəyir. Polikristallik metal ilə vakuum sərhəddində baş verən proseslər, polimetallar ilə monokristal YK kontaktında baş verən proseslər analiz edilmişdir.