Fizika Problemləri ETİ-də Elm gününə həsr olunmuş tədbir keçirilmişdir

27 mart 2024-cü il tarixində BDU-nun “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunda “Elm günü”-nə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə İnstitutun direktoru S.Rəhimov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 09 aprel 2018-ci il tarixli sərəncamı əsasında hər il 27 mart “Elm günü” kimi qeyd edilir. Daha sonra o, 2023-cü il ərzində Fizika Problemləri ETİ-də əldə olunmuş nailiyyətlər haqqında danışmışdır. 

“Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunda 2023-cü ildə

  • Günəş enerjisinin çeviriciləri üçün perspektiv materiallar və strukturların alınması və tədqiqi
  • Adronların parametrlərinin və onların iştirakı ilə proseslərin tədqiqi
  • Bioloji fəal molekulların quruluş-funksiya əlaqələrinin tədqiqi

mövzuları üzrə 19 elmi-tədqiqat işi yerinə yetirilmişdir.

Aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 2023-cü ildə “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən 151 elmi əsər çap etdirilmişdir.

Bunlardan 10-ədədi Q1, 11-ədədi Q2, 8-ədədi Q3, 11 ədədi Q4 kateqoriyalı,  22 ədədi xaricdə və 15 ədədi respublika jurnallarında çap olunmuş məqalə, 24 (5 material) beynəlxalq və 50 (18 material) ədəd respublika səviyyəli konfransların materialları və tezisləridir.

2023-cü il ərzində “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunda 16 dəfə elmi seminar, 7 dəfə İnstitut iclası və 6 dəfə elmi şuranın iclası olmaqla 29 tədbir keçirilmişdir.

“Kondensə olunmuş hal” fizikası şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi “Humantek” komandasının “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “TEKNOFEST-2023 İstanbul” aviasiya, kosmos və texnologiya festivalında III yerə layiq görülmüşlər.

 Bir Avrasiya patenti alınmışdır. “ЕВРАЗИЙСКИЙ ПАТЕНТ НА ИЗОБРЕТЕНИЕ № 042254”.

BDU-nun “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 19 mühüm nəticə təqdim olunmuşdur.

Sonra isə “Elm günü”-nə həsr olunmuş tədbir çərçivəsində həm də İnstitutun seminarı keçirilmişdir. “Kondensə olunmuş hal fizikası” şöbəsinin elmi işçisi Həsənov Məhəmməd Hidayət oğlu "Şotki diodlarının deşilməsinin həndəsi mexanizmi” mövzusunda məruzə etmişdir.

Mikroelektronikanın müasir mərhələdə inkişafı yeni cihazların alınmasını və tədqiqini tələb edir. Bununla əlaqədar olaraq kontakt strukturlar, metal - yarımkeçirici kontakt əsaslı diodlar böyük maraq kəsb edirlər. Bu kontakt strukturlarının quruluşu, onların texnoloji cəhətdən asan əldə edilməsi, çeviricilik qabiliyyətinin (p-n keçidli cihazlardan fərqli olaraq) yüksək olması, kontakta gətiriləcək materialların seçilməsi ilə  bilavasitə bağlıdır.

Tədqiq edilən kontaktları xarakterizə edən elektrofiziki parametrləri təyin etmək üçün volt-amper xarakteristikası üsuluna üstünlük verilmişdir. Belə ki, VAX-ın mümkün imkanlarından istifadə edərək verilmiş diodların nəinki elektrik və fiziki parametrlərini, həmçinin  kontaktda baş verən fiziki-kimyəvi prosesləri tədqiq etmək olar.

Daha sonra Məhəmməd Həsənov verilən sualları cavablandırmışdır.