MƏRKƏZ HAQQINDA

Mərkəz BDU-nun inzibati-idarəetmə sisteminin bir hissəsi kimi Elmi Şuranın 2019-cu il 09 oktyabr tarixli qərarı ilə yaradılmışdır.
Mərkəzin əsas vəzifələri BDU-nun elmi potensialından səmərəli istifadə sistemini yaratmaq və fəaliyyətini dəstəkləmək, Universitetin vahid elm siyasətinin strateji istiqamətlərinin həyata keçirilməsi kimi kompleks vəzifələrin həllində iştirak etmək, Universitetin tədqiqat, elmi, texniki və innovativ fəaliyyətinin inkişafına və genişləndirilməsinə köməklik göstərməkdir.
Elm-təhsil-istehsalat əlaqələrinin gücləndirilməsi ilə elmi-tədqiqat fəaliyyətinin təşkili və təhlili, elmi-tədqiqatlar üzrə əsas və prioritet istiqamətlərin müəyyən edilməsi, elmi və elmi-pedaqoji kadrların hazırlanması, BDU-nun elmi prioritetlərinə və innovativ inkişaf strategiyasına uyğun olaraq elmi və/və ya elmi-texniki nəticələrin kommersiyalaşdırılmasının təşkil edilməsi Mərkəzin əsas məqsədləridir.
 
Mərkəz cavabdehdir:

  • elmin və innovasiyanın idarə edilməsini tənzimləyən normativ sənədlərin işlənib hazırlanmasına;
  • professor-müəllim heyətinin, elmi işçilərin və tələbələrin elmi-tədqiqat işlərinin əsas və prioritet istiqamətlərinin müəyyən edilməsinə;
  • müəssisə və təşkilatlarla elmi-texniki nailiyyətlərin tətbiqi üçün müqavilə layihələrinin işlənib hazırlanmasına;
  • yaradıcı əməkdaşlıq haqqında müqavilələrin tənzimlənməsinə;
  • elmi-tədqiqatların zəruri elmi-texniki səviyyəsinin və səmərəliliyinin artırılmasına;
  • elmi və ya elmi-texniki nəticələrin istehsalatda və tədris prosesində tətbiqinin həyata keçirilməsinin təmin edilməsinə;
  • Universitetin, fakültələrin, kafedraların, elmi-tədqiqat institut, mərkəz və laboratoriyaların elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üzrə plan, hesabat və fərdi planların toplanması və monitorinqinə;
  • elmi-tədqiqat işlərinin nəticələrinin müəyyən edilmiş qaydada illik ümumiləşdirilməsinə;
  • beynəlxalq, respublika, regional və ya sahələr üzrə elmi konfransların, seminarların, simpoziumların və digər elmi tədbirlərin, elmi-tədqiqat nailiyyətlərinin sərgilərinin və müsabiqələrinin təşkili və keçirilməsinə;
  • elmi, elmi-metodik işlərin, məqalə və elmi məqalələr toplularının uçotu və monitorinqinə;
  • elmi-tədqiqat nəticələrinin patent və lisenziyalaşdırma işlərinin təşkili və monitorinqinə;
  • planlaşdırılan elmi tədbirlər, elmi qrantlar, açıq müsabiqələr və s. haqqında əməkdaş və tələbələrə məlumat verilməsinə;
  • elmi-texniki və istehsalat bazasının inkişafı, əməkdaşların ixtisasının və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərilməsinə;
  • inkubasiya, akselerasiya və innovasiya mərkəzlərinin, Gənc Alimlər Şurasının, Tələbə Elmi Cəmiyyətinin və tələbə elmi dərnəklərinin fəaliyyətinin əlaqələndirilməsinə;
    istedadlı gənclərin üzə çıxarılması, Universitet tələbələrinin elmi işlərində yaradıcılıq fəaliyyətinin və müstəqilliyinin formalaşması üçün şəraitin yaradılmasına.

Mərkəzin fəaliyyət istiqamətləri:

  • elmi-tədqiqat və elmi-innovasiya fəaliyyətini təşkil etmək;
  • elmi-tədqiqatların səmərəliliyini və keyfiyyətini yüksəltməklə, universitet elminin rəqabət qabiliyyətliliyini artırmaq;
  • elm və tədrisin əlaqələndirilməsini, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində istifadə edilməsini təmin etməklə, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaq;
  • BDU-nun elmi və intellektual potensialından tam və səmərəli istifadə olunmasını təmin etmək;
  • elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dəstək vermək;
  • elmlə istehsalatın əlaqələndirilməsini inkişaf etdirmək.

Mərkəzin funksiyaları:

  • elmi fəaliyyətin inkişafını şərtləndirən istiqamətləri və perspektivli sahələri müəyyənləşdirmək;
  • yerinə yetirilmiş elmi-tədqiqat işlərini təhlil etmək, elmi potensialın statistikasını aparmaq, il ərzində görülmüş elmi işlərin nəticələrinə dair hesabat tərtib etmək;
  • təbiət elmləri və humanitar elmlər üzrə alınmış ən mühüm elmi nəticələrin tətbiq olunması üçün təkliflərlə çıxış etmək;  
  • elmi-tədqiqat işlərinin referativ məlumat bazasını yaratmaq;
  • elmi-tədqiqat işlərinin patent qabiliyyətini aşkarlamaq, ixtiralar üzrə iddia sənədləri hazırlamaq;
  • elmi nailiyyətlərin istehsalata tətbiqinin həyata keçirilməsini təmin etmək üçün imkanlar axtarmaq;
  • müvafiq ixtisaslar üzrə doktorantların hazırlanması prosesini təşkil etmək və həyata keçirmək;
  • innovativ infrastrukturu (avadanlıqların kollektiv istifadəsi mərkəzləri, kiçik innovativ müəssisələr və s.) formalaşdırmaq;
  • elmi qrupların, ayrı-ayrı işçilərin elmi-texniki sahədə intellektual fəaliyyətinin nəticələrini təbliğ etmək;
  • innovativ və kommersiya üçün perspektivli elmi tətqiqatların məlumat bazasını yaratmaq;
  • BDU əməkdaşlarının elmi-tədqiqat sahəsində əldə etdiyi nəticələrin elmi sferada və iqtisadiyyatın real sektorunda tanıdılmasını təmin etmək;
  • elmi ədəbiyyatın və elmi jurnalların çapına nəzarət etmək;
  • əməkdaşların Scopus, Web of Science və s. kimi verilənlər bazasında indekslənmiş elmi jurnallarda nəşr fəaliyyətinin artmasını dəstəkləmək;
  • əməkdaş və tələbələrə elmi mobilliklə əlaqəli məsələlərin həllində köməklik göstərmək.