Beynəlxalq kafedralar

 
 

BDU-nun Biologiya fakültəsində 2022-ci ildə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Azərbaycanda ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrasının əsası qoyulmuşdur.  

Biotibbi materiallar kafedrasının yaradılmasında məqsəd sənaye və yüksək səviyyəli tədqiqatçılar, ali təhsil müəssisələri və burada çalışan alimlər arasında əlaqələri, “təhsil-elm-sənaye” üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların alınması, tədqiqi və tətbiqi ilə bağlı araşdırmalara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Kafedrada bioloqların, kimyaçıların, fiziklərin, tibb sahəsi üzrə çalışanların və sənaye sektorunun nümayəndələrinin biotibbi tətbiqlər üçün potensial antimikrobial xüsusiyyətlərə malik qabaqcıl materialları hazırlamaq üçün səyləri birləşdirilir. Kafedrada beynəlxalq fənlərarası şəbəkənin yaradılması yolu ilə nanosistemlərin ilkin dizaynının hazırlanması, effektivliyinin klinikadan əvvəlki sınaqlarının aparılması, farmakokinetika və toksikliyinin müəyyən edilməsinə dair tədqiqatlar aparılır.

Kafedranın yaradılması təkcə Azərbaycanda deyil, əməkdaşlıq çərçivəsində islam dünyası ölkələrində biotibb elmi istiqamətinin inkişafına da əlavə təkan verir. Kafedra biotibbi materiallar üzrə tədqiqat işlərinin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına da yardım göstərir.

 

 

BDU-nun Hüquq fakültəsində 2013-cü ildə İnsan hüquqları kafedrası yaradılmış və kafedraya Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının razılığı ilə UNESCO kafedrası statusu verilmişdir. Hazırda kafedra “İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrası” adı altıda fəaliyyət göstərir. Kafedra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı və AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, İnsan hüquqları fənni bakalavr səviyyəsində Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Sosial elmlər və psixologiya və digər fakültələrdə tədris olunur. Magistratura pilləsində isə “İnsan hüquqları”, “Beynəlxalq hüquq”, “Transmilli cinayət hüququ” ixtisaslaşmalarında tədrisi həyata keçirilir. 2016-cı ildə magistratura tədris pilləsində əsas etibarilə İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının bazasında tədrisi həyata keçirilən “İnformasiya hüququ” üzrə yeni ixtisaslaşma açılmışdır. Magistratura səviyyəsində  “İnsan hüquqlarının Avropa sistemi”, “Beynəlxalq insan hüquqları hüququ (nəzəriyyə)”, “Gender və uşaq hüquqları”, Beynəlxalq insan hüquqları hüququ (praktika)”, “İnsan hüquqlarının iqtisadi aspektləri”, “Beynəlxalq insan hüquqlarının ekoloji aspektləri”, “İnsan hüquqları və informasiya azadlığı”, “Ayrı-ayrı qrupların hüquqları”, “Beynəlxalq insan hüquqları və qeyri-hökumət təşkilatları”, “Miqrant və qaçqınların hüquqları”, “Beynəlxalq insan hüquqları və humanitar hüquq normaları”, “İnsan hüquqları sahəsində milli fəaliyyət”, “İnkişaf və sosial hüquqlar”, “İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsinin aktual problemləri”, “İnsan alverinə qarşı beynəlxalq və milli mübarizə”, “Müasir beynəlxalq hüquqda əhali və miqrasiya problemləri” və s. kimi 20-dən çox fənn tədris olunur.