BDU-nun nəzdində Fizika Problemləri ETİ-də “Həsən Abdullayev və Azərbaycanda fizika elminin inkişaf yolları” mövzusunda İnstitut iclası keçirilmişdir.

Əvvəlcə Fizika Problemləri İnstitutunun kollektivi son günlərdə Dağlıq Qarabağda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. 

Daha sonra Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış edərək qeyd etmişdir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olan elm və ali təhsil müəssisələrinə may ayında ünvanladığı məktuba əsasən BDU-nun nəzdində Fizika Problemləri ETİ-də dünyada yarımkeçiricilər fizikasının (mikroelektronika) banilərindən biri, Azərbaycanda müasir yüksək texnologiyalar elminin, təhsilinin və sənayesinin banisi akademik Həsən Abdullayevin anadan olmasının 105 illiyinə həsr olunmuş iki tədbir nəzərdə tutulmuşdur. Bunlardan biri “Həsən Abdullayev və Azərbaycanda fizika elminin inkişaf yolları” mövzusunda İnstitut iclasıdır. S.Rəhimov Həsən Abdullayev haqqında danışaraq aşağıdakıları qeyd etmişdir:

Akademik Abdullayev – Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisidir. Azərbaycan dilində ilk elmi kitabın müəllifidir (1952), 1955-ci il - AEA-nın müxbir üzvü, 1967-ci il – AEA-nın akademiki, 1957-1993-ci illər - Fizika İnstitutun direktoru, 1968-1970-ci illər - AEA-nın Fizika və Riyaziyyat bölməsinin akademik-katibi, 1970-ci ildən 1983-cü ilədək Azərbaycan Elmlər Akademiyasının prezidenti, 1970-ci ildən - SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1970-1984-ci illərdə - 4 dəfə SSRİ və Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.

H.Abdullayevin təşəbbüsü və rəhbərliyi altında 1959-cu ildə- Astrofizika bölməsinin bazası əsasında Şamaxı Astrofizika Rəsədxanası1965-ci ildə- Hesablama mərkəzi əsasında Kibernetika İnstitutu1967-ci ildə- Naxçıvanda Batabat Astrofizika Rəsədxanası1969-cu ildə- Radiasiya tədqiqatları sektoru, sonradan Radiasiya Problemləri İnstitutu, 1972- ci il - Naxçıvan Elm Mərkəzi, hazırda AMEA-nın Naxçıvan Bölməsi1973-cü il - Tətbiqi Fizika İnstitutunun filialı, Fotoelektronika İnstitutu, 1973-cü il - Şəki Zonal Elmi Bazası- hal-hazırda Şəki Reqional Elmi Mərkəzi1975-ci il - Fizika İnstitutunda Yüksək Enerjilər fizikası laboratoriyası  Nüvə tədqiqatları İnstitutu (Dubna ş.) və Yüksək enerjilər fizikası İnstitutu (Serpuxov ş.) ilə birgə tədqiqatlar, 1976-cı il - Az.SSR EA Geologiya İnstitutunda Yer Fizikası bölməsi, 1981-ci il - “Selen” təcrübə zavodu, XKB “Registr”, Reagent (1982), XKB yaradılmışdır.

Daha sonra söz Həsən Abdullayevin qardaşı oğlu, Azərbaycan Respublikası ETN-nin Fizika İnstitutunun aparıcı elmi işçisi, f.e.d., dosent Nadir Abdullayevə verilmişdir. Nadir Abdullayev,  akademik Həsən Abdullayevin həyatı, yaradıcılığı və elm yollarında çəkdiyi zəhmətlərdən danışmış və xatirələrini bölüşmüşdür. İnstitutun əməkdaşlarından Mübariz Məmmədov, Gülşən Ağayeva, İzzət Əfəndiyeva, Qəzənfər Bayramov, Sədiyar Rəhimov akademik Həsən Abdullayev haqqında xatirələrindən danışmışlar.