Azərbaycanın beynəlxalq səviyyəli jurnalı dünyada ikinci oldu

Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev "Respublika" qəzetinə müsahibə verib.

Hər bir ölkənin elminin dünyada tanıdılması, ilk növbədə, beynəlxalq səviyyəli jurnalların mövcudluğunu tələb edir. Çünki elm sahəsində əldə edilən yeniliklər məhz bu jurnallar vasitəsilə beynəlxalq aləmə, dünya elmi ictimaiyyətinə çatdırılır. Həmin jurnallarda nəşr olunan elmi işlərə istinadların artması müəlliflə yanaşı, mətbu orqanın da nüfuzunu artırır.

Beynəlxalq səviyyəli jurnalların hazırlanması, onların dünyanın ən mötəbər elmi qiymətləndirmə sistemi "Clarivate Analytics"də özünə yer alması hər bir ölkənin elmi ictimaiyyəti üçün prioritetdir. Elə 2002-ci ildə Rabitə Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis edilən "Applied and Computationol Mathematics" (ACM) jurnalının nəşrinə başlayarkən ən böyük məqsəd Thomson Reuters Agentliyinin (indiki "Clarivate Analytics") bazasına daxil olmaq idi. Redaksiya heyətinin gərgin əməyi nəticəsində kollektiv bu hədəfinə 2008-ci ildə çata bildi. Belə ki, nəşr Thomson Reutersin genişlənmiş siyahısına daxil olduqdan sonra dünyanın elmi ictimaiyyəti ilə əlaqələr artdı və 2010-cu ildə jurnala impakt faktor (təsir əmsalı) verildi. Bu günlərdə elmi mühitdə yeni xəbər yayıldı. Dünyanın 50 ölkəsinin 300-dək elm və təhsil müəssisəsi ilə əlaqə saxlayan, ilk gündən ciddi elmi məqalələri ilə fərqlənən yalnız irəliyə gedən "Applied and Computational Mathematics" jurnalı ən nüfuzlu 267 jurnal arasında ikinci yerə layiq görülüb.

https://respublika-news.az/news/azerbaycanin-beynelxalq-seviyyeli-jurnali-dunyada-ikinci-oldu