Applied and Computational Mathematics beynəlxalq elmi jurnalının təsir əmsalı yüksəlib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyat) beynəlxalq elmi jurnalının təsir əmsalı (impact factor) 3.898-dən yüksələrək 4.771 olub. Beşillik təsir əmsalı isə 2.752-dən 3.172-yə qalxıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə “Web of Science Core Collection” siyahısında olan 267 jurnal arasında 4-cü, Avropa İttifaqında 3-cü yerdə qərarlaşıb. MDB məkanında isə əvvəlki illərdəki liderliyini qoruyub, saxlayıb. Jurnalın redaksiya heyətinə 20 ölkənin 38 tanınmış alimi daxildir. Elmi məcmuənin indiyədək 54 nömrəsi nəşr olunub. Jurnalda 60-dək ölkəni təmsil edən müəlliflərin 520-dən çox məqaləsi çap edilib.