Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası üzrə Akademiyada fəaliyyət göstərən Komissiya ilə AMEA-nın Rəyasət Heyətinin oktyabrın 18-də birgə iclası keçirilib.
Tədbiri AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq bildirib ki, xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Rəyasət Heyəti tərəfindən 30 sentyabr 2022-ci il tarixli qərar qəbul edilib. Akademik Arif Həşimov qeyd edib ki, qərara əsasən, nüfuzlu Azərbaycan alimlərindən ibarət Komissiya yaradılıb, eyni zamanda, Akademiya tərəfindən icra edilmək üçün əhatəli Tədbirlər Planının hazırlanmasına başlanılıb.
Qısa müddət ərzində Tədbirlər Planı ilə bağlı AMEA-nın Rəyasət Heyətinin üzvləri, müşavirləri, elmi bölmələri və institutlarından 163 təklifin verildiyini diqqətə çatdıran akademik Arif Həşimov vurğulayıb ki, təklif olunan Tədbirlər Planında Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə, zəngin həyat təcrübəsinə, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş çoxsaylı tədbirlər – Heydər Əliyev irsinin daha əhatəli öyrənilməsi üçün Əliyevşünaslıq istiqamətində xüsusi araşdırmaların aparılması, məqalələrin, kitabların, monoqrafiyaların, albomların, broşürlərin, Akademiyada nəşr olunan qəzet və jurnalların xüsusi buraxılışlarının nəşri, beynəlxalq və respublika səviyyəli simpoziumların, konfransların, seminarların və digər tədbirlərin keçirilməsi, müxtəlif filmlərin, videoroliklərin hazırlanması, alimlərin kütləvi informasiya vasitələrində çıxışlarının təşkil edilməsi və s. əksini tapıb.
Daha sonra akademik Fikrət Əliyev çıxış edərək qeyd olunan təkliflərlə bağlı fikirlərini səsləndiridi.
Sonda “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər Planının müvafiq düzəlişlərdən sonra yekun variantının yaxın günlərdə təsdiqlənməsi qərara alınıb.