22/07/2021
Bu gün Bakı Dövlət Universitetitinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun və Bakı Dövlət Universiteti Mexanika-Riyaziyyat fakültəsinin əməkdaşlarının tərəfdaş olduğu “HORİZON 2020” SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology layihəsi çərçivəsində elmi vebinar keçirilib.
Vebinara layihənin direktoru Almaniyanın İlmenau Texniki Universitetinin professoru Karsten Trunk sədrlik edirdi.
Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev vebinarda "Some mathematical problems and their solution for the problem of oscillatory systems with liquid dampers" adlı plenar məruzə ilə çıxış edib. Qeyd edək ki, layihənin Azərbaycan tərəfdən direktoru akademik Fikrət Əliyevdir.
Məruzədən sonra seminar diskussiya şəklində davam etdirildi. Lübek Universitetinin professoru Jürgen Prestin, Daşkənd Turin Politexnik Universitetinin professoru Davron Matrusulov, Praqa Doppler Riyazi Fizika və Tətbiqi Riyaziyyat İnstitutunun professoru Pavel Exner Fikrət Əliyevə suallar ünvanladılar, məruzəçi ona verilən sualları cavablandırdı.
Bu layihədə iştirak edən tədqiqat institutları, spektral optimallaşdırma və nano texnologiya, təbiət elmləri və kvant mexanikasında tətbiqetmə mövzusunda güclü bir araşdırma mərkəzinə sahibdirlər.
SOMPATY layihəsi çərçivəsində 2020 ilə 2024 illər arasında dörd layihə tədbiri (ildə bir dəfə) təyin edilmişdir.
SOMPATY layihəsinin məqsədi Azərbaycan, Belarusiya, Çex Respublikası, Almaniya, Qazaxıstan, Ukrayna və Özbəkistanın universitetləri və tədqiqat təşkilatları arasında kadr mübadiləsi, birgə tədqiqat və təlim işlərinin aparılmasıdır. Bu layihə, Avropa ilə Müstəqil Dövlətlər Birliyi arasında tədqiqat əlaqələrini daha da inkişaf etdirilməsinə yönəlmişdir.