18 avqust 2021
Azərbaycanın daha bir beynəlxalq səviyyəli jurnalı impakt faktor alıb
Bu gün ölkədə həyata keçirilən uzaqgörən, məqsədyönlü, milli maraqların qorunmasına və əhalinin sosial təminatının artırılmasına yönəlmiş dövlət siyasəti nəticəsində respublikada iqtisadi, siyasi, mədəni, sosial, hərbi və digər sahələrdə yüksək inkişafa nail olunub. Azərbaycanda elmin inkişafına da kifayət qədər dövlət qayğısı var. Buna baxmayaraq, yüksək reytinqli elmi nəşrlər və istinadlar sahəsində, xaricdə patentləşmiş və tətbiq olunmuş nəticələr istiqamətində ciddi çatışmazlıqlar mövcuddur. Fundamental elmin müxtəlif sahələrində çalışan alimlərin qarşısında dünya elmində gedən proseslərə daha sıx inteqrasiya olunmaq, beynəlxalq aləmdə tanınmaq kimi vacib məsələlər durur. Elmi tədqiqatlar Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni-mənəvi sahələrdəki vəzifələri ilə səsləşməli, elmi biliklərin cəmiyyətin təkamülündə rolu, yeri əsas strateji hədəfə çevrilməlidir. Azərbaycan alimləri həm də elmimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyətə üstünlük verməlidirlər. Dünyada tanınan, beynəlxalq səviyyəli, nüfuzlu jurnallarımız da məhz bu işə xidmət edir. Ən mötəbər elmi qiymətləndirmə sistemi “Clarivate Analytics”də özünə yer alan “Applied and Computational Mathematics” jurnalı neçə illərdir ki, öz reytinqini qoruyub saxlayır, onun keyfiyyət əmsalı getdikcə artır.
Onu da deyək ki, ABŞ-ın “Clarivate Analytics” Agentliyinin bu günlərdə açıqlanan 2020-ci ilin hesabatına əsasən (bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnalları, onların impakt faktorlarının (təsir əmsalı) dinamikası və s. haqqında məlumatı əks etdirir), Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda (TRETİ) nəşr olunan və “Science Citation İndex Expanded” (SCİE) bazasında yer alan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) “Təmiz” və “Tətbiqi riyaziyyat jurnalı”) jurnalı 1.892 təsir əmsalı alıb.
Fikrət Əliyev əldə olunan nəticənin kollektiv əməyin məhsulu olduğunu xüsusi vurğulayaraq hazırda genişləndirilmiş siyahıda özünə yer alan elmi jurnallarımızdan da danışaraq dedi: “Hər bir kollektivdə sağlam mühit mühüm şərtdir, hər kəsə əməyinə görə qiymət verilməlidir. Mən hər iki jurnalın əldə etdiyi nəticənin qazanılmasında böyük xidmətləri olan hər kəsə minnətdarlığımı bildirirəm. Bizə göstərdikləri köməyə görə Tamer Başar və Vladimir Larinə də təşəkkür edirəm.
Mən hazırda genişləndirilmiş siyahıda olan jurnallarımızdan da bunu gözləyirəm. Uğur birgə işləməkdədir. Biz bir-birimizin uğuruna sevinməliyik. Bir misal çəkim. 2010-cu ildə ACM jurnalı impakt faktor alanda Redaksiya Heyəti məşhur alimimiz Lütfi Zadədən təbrik məktubu almışdı. Məktubda o, təsir əmsalına görə kollektivi təbrik edir, uğurlar arzulayırdı.
Bəli, elmimizi dünyada tanıdan, həmvətənlərinin ən kiçik uğuruna belə sevinən böyük ustadlardan dərs almağa dəyər. İnanıram ki, əgər sağ olsaydı, bu böyük alim ikinci jurnalımızın da təsir əmsalı almasına sevinərdi.
Bu gün doğrudan da sevinməyə dəyər, çünki hər bir elmi jurnalın beynəlxalq səviyyədə uğuru Azərbaycan elmi ictimaiyyətinin nailiyyətidir. Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Journal of Pure and Applied Mathematics” jurnalının impakt faktor alması Türk dünyasının uğurudur.
Biz də hər iki jurnalın redaksiya kollektivini, bu işdə əməyi keçən hər kəsi təbrik edir, Azərbaycanın dünyada tanıdılması kimi şərəfli işlərində uğurlar diləyirik.
Zümrüd Qurbanqızı
"Respublika"