31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

 Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Qeyd etmək lazımdır ki, 1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular.

31 mart soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vandalizm aktıdır. Soyqırımı qurbanlarının xatirəsi daim əziz tutulacaq və heç vaxt unudulmayacaq.