20 YANVAR - MİLLİ İRADƏMİZİN ZƏFƏR ÇALDIĞI GÜN

1990-cı ilin 20 Yanvar hadisələrindən 32 il keçir. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.  Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5.30-da radio ilə elan olunmuşdur. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. 1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib.

O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək kəskin  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Bu gün xatirəsini daim əziz və uca tutduğumuz şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi və siyasi bacarığı nəticəsində, qüdrətli ordumuzun rəşadəti sayəsində, xalqın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə uca Allahdan rəhmət diləyirik!