Ötən ay BDU-nun 300-ə yaxın tələbəsi CV hazırlığı üzrə “workshop”lara cəlb olunub
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə ötən ay BDU-nun 300-ə yaxın tələbəsi üçün “Peşəkar CV necə hazırlanır?” mövzusunda “workshop”lar təşkil edilib.
Tədbirlər zamanı qeyd edilib ki, CV işaxtaran haqda ilkin təəssürat yaradan, işaxtaranın karyera tarixçəsini və peşəkar keyfiyyətlərini təsvir edən sənəddir. İşəgötürənin işaxtaranı müsahibə mərhələsinə dəvət etməsinə keçid məhz düzgün və səriştəli şəkildə tərtib edilən CV-dən asılıdır. Bu səbəbdən CV-nin tərtib edilməsi prinsipləri, quruluşu və xronoloji ardıcıllığı, yazı üslubu, bir sözlə, peşəkar CV-nin hazırlanması üsullarının öyrənilməsi hər bir tələbənin uğurlu karyerası üçün vacib məqamdır.
Tələbələrə CV-nin tərtibi zamanı yol verilən nöqsanlar, işaxtaran haqqında mənfi rəy yarada biləcək məqamlar, həmçinin onların aradan qaldırılması yolları da izah olunub.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.