İsveçin Uppsala Universitetinin professoru BDU-da mühazirə oxuyub
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları, doktorant və gənc tədqiqatçıları üçün “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Fotosintez yolu ilə hidrogenin alınması” mövzusunda mühazirə keçirilib.
Məruzəçi, İsveçin Uppsala Universitetinin Angstrem laboratoriyasının Kimya kafedrasının professoru Fikrət Məmmədov çıxışında hidrogen sintezi üçün yenilikçi yanaşma olaraq mikroyosun hüceyrələrinin istifadəsinin əhəmiyyətini vurğulayıb. Chlamydomonas cinsi birhüceyrəli yaşıl yosunlar çox aktiv Fe-Fe hidrogenaza fermentinə malik olub, anaerob şəraitdə qısa müddət ərzində hidrogen sintezi qabiliyyətinə malikdir.
Professor bildirib ki, mühitdə kükürd defisiti, Sitoxrom b6f inhibisiyası, FSI/FSII nisbətinin dəyişilməsi kimi eksperimental yollarla mikroyosun hüceyrəsində davamlı hidrogen istehsalına nail olmaq mümkündür. Bu proses zamanı elektron nəqliyyat zəncirindəki dəyişiklikləri izləmək üçün in vivo EPR və flüoresan spektroskopiya tətbiq edilir.
Sonda məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.