BDU və Türkiyənin Fırat Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Fırat Universiteti ilə akademik əməkdaşlıq əlaqələri müzakirə olunub. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Fırat Universitetinin prorektoru Mehmet Yılmaz, Beynəlxalq əlaqələr şöbəsinin müdiri İzzət Taşar iştirak edib.
Görüşdə hər iki universitet arasında müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqatların aparılması, ortaq layihələrin, müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq əlaqələri müzakirə olunub.
Görüşdə həmçinin magistratura və doktorantura təhsil pillələrində birgə kadr hazırlığı, elmi məqalələrin nəşri üzrə də müzakirələr aparılıb.
Qeyd edək ki, 16 fakültə, 4 instituta malik Fırat Universiteti 1975-ci ildən fəaliyyət göstərir. 43 min tələbəsi ilə Şərqi Anadolunun ən böyük təhsil müəssisələrindən olan Fırat Universiteti elmi-tədqiqat universiteti statusunu alıb.