BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
Bakı Dövlət Universiteti (BDU) və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın daha da gücləndirilməsi müzakirə edilib.
Görüşdə BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, dekan müavini Vüsal Məmmədov, Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı, Kimya fakültəsinin dekanı Fuad Kərimli, fakültənin əməkdaşı Turanə Babayeva, Biologiya fakültəsinin müəllimləri Samirə Salayeva və Nigar Hüseynova, Hefei Texnologiya Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin direktoru Zhang Sihong, direktor müavini Hu Jia, şöbə müdiri Fan Xiaofeng, Kompüter və kompüter elmləri məktəbinin direktor müavini Vu Gongqing, beynəlxalq mübadilə və məzunlarla iş üzrə köməkçi Zhong Xuyang, Kimya və kimya mühəndisliyi məktəbinin direktor müavini Zhang Davei, Resurslar və ətraf mühit mühəndisliyi məktəbinin müəllimi Shen Yuefeng, Qida və biomühəndislik məktəbinin direktor müavini Van Huiley, Fizika məktəbinin dosenti Jing Jia iştirak ediblər.
Görüşdə iki universitet arasında ötən il imzalanan əməkdaşlıq haqqında anlaşma memorandumuna uyğun olaraq müvafiq istiqamətlər üzrə birgə ikili diplom proqramı layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb. Tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, birgə yay və qış məktəblərinin təşkili kimi məsələlər də müzakirə olunub.