BDU-nun Tələbə Elmi Cəmiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarları davam edir
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarları davam edir.
Seminarların növbəti sessiyasında BDU-nun Biologiya, Tarix, Geologiya və Jurnalistika fakültələrinin tələbələri geniş məruzələrlə çıxış ediblər.
Biologiya fakültəsinin tələbəsi Nurgül Əlizadə məruzəsində atmosferdə karbon qazının artması ilə formalaşan quraqlıq və şoranlığın bioloji orqanizmlərdə yaratdığı təhlükələr və onların həlli yollarından danışıb. Məruzəçi Ermənistanın Qarabağda həyata keçirdiyi ekoloji terror nəticəsində atmosferə buraxılan karbon qazının miqdarından və bioloji müxtəlifliyə vurulan zərərdən, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı sıfır karbon siyasəti və yaşıl enerji layihələrindən söz açıb.
Tarix fakültəsinin tələbələri Fərid Camalzadə və Nurəli Məmmədov “Müharibələrin ekosistemə təsiri” adlı məruzə ilə çıxış ediblər. Məruzədə müharibənin görünən və görünməyən tərəfləri, cəmiyyətə, iqtisadi həyata, ekosistemə təsirləri təhlil olunub.
Jurnalistika fakültəsinin magistrantı Günel Abbasova işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonaları ilə bağlı məruzə edib. Məruzədə Avropanın enerji körpüsü olan Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olması vurğulanıb. İşğaldan azad edilmiş ərazilərdə enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verildiyi, “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edildiyi seminar iştirakçılarının nəzərinə çatdırılıb.
Geologiya fakültəsinin tələbəsi Xəyal Hüseynov “Faydalı qazıntı və onların kəşfiyyatında istifadə olunan avadanlıqların ekologiyaya təsiri” adlı məruzəsində faydalı qazıntılar haqqında ümumi məlumat verib. Məruzədə
Azərbaycanda yerləşən faydalı qazıntı yataqları, kəşfiyyat zamanı texnikaların yaratdığı fəsadlar və onların aradan qaldırılma yolları geniş şərh olunub.