BDU əməkdaşı Rusiyada "Birlik Kitabxanalarının Təhsil Əməkdaşlığı" layihəsində iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının əməkdaşı Jalə Abdurzayeva Rusiyada “Yeni nəsil” proqramı çərçivəsində "Birlik Kitabxanalarının Təhsil Əməkdaşlığı" layihəsində iştirak edib. Proqrama əsasən, xarici ölkələrin siyasi, ictimai, elmi və işgüzar dairələrinin 25-35 yaş arası gənc nümayəndələrinin Rusiya Federasiyasına qısamüddətli səfərləri baş tutub. Layihə Rusiya Dövlət Kitabxanasının Beynəlxalq bölməsinin və Elmi-tədris fəaliyyəti departamentinin təşəbbüsü nəticəsində “Rossotrudniçestvo” təşkilatı ilə birgə iki mərhələli şəkildə həyata keçirilib.
Layihənin ilkin distant mərhələsində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistanın 40-dan çox kitabxanasını təmsil edən 50 gənc mütəxəssis bir araya gələrək, “Ünsiyyətin idarə edilməsi: idarəetmə psixologiyası”, “Bloqlarda və sosial şəbəkələrdə kommunikasiyalar: strategiya və taktika” mövzularında təkmilləşdirmə təlimində iştirak ediblər.
Rusiya Dövlət Kitabxanasında keçirilən və MDB-nin 18 ölkəsinin gənc kitabxanaçılarının təqdimatının nümayiş etdirildiyi ikinci mərhələdə kitabxanalararası təcrübə mübadiləsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi, kitabxanaların sosial şəbəkələrdə önə çıxarılması, oxucu kütləsini genişləndirmək məqsədilə kontentin yaradılması məsələləri müzakirə olunub. Azərbaycanı təmsil edən nümayəndə heyəti Kazanda keçirilən beynəlxalq konfransa da qatılıb.
BDU-nun Elmi Kitabxanasının əməkdaşı hər iki mərhələdə fəal iştirak edib, təlimləri uğurla başa vuraraq, sertifikatlarla təltif olunub.