BDU-da Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə konfransı giriş sözü ilə açaraq müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda təhsilin, elmin inkişafı istiqamətlərində önəmli işlər görüldüyünü qeyd edib. Gənclərin elmi-tədqiqat işinə cəlb olunmasının BDU-nun prioritet vəzifələrindən olduğunu vurğulayıb.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan rəhbərlik etdiyi fakültənin gənc alim və magistrantlarına konfransın işində uğurlar diləyib, Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini deyib. Qeyd edib ki, Ulu Öndər Azərbaycanın tərəqqisi, onun iqtisadi, siyasi və mədəni həyatı, demokratik dövlət və cəmiyyət qurulmasında gənclərin rolunun danılmaz olduğunu vurğulayıb.
Konfransda Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Familə Nəcəfli orta əsr farsca-türkcə lüğətlərin xüsusiyyətlərindən, yaranma tarixindən, əlyazma variantlarından bəhs edib, onların mövzu üzrə təsnifi, quruluş prinsiplərindən nümunələr səsləndirib.
Türk filologiyası kafedrasının müəllimi Həyat Məmmədova məruzəsində Yaşar Kamalın yaradıcılığı haqqında məlumat verib və yazıçının “İlanı öldürsələr” romanında ilan və insan kultu haqqında təhlillərini təqdim edib.
Daha sonra fakültənin gənc doktorant və magistrantları Şərq ölkələrinin dili, ədəbiyyatı, filologiyası, fəlsəfi fikrin öyrənilməsi və araşdırılması haqqında məruzələr ediblər. Konfransda “Ərəb ədəbi dilində morfoloji və sintaktik zaman”, “Xətib Təbrizinin şagirdləri”, “Həzrət Sultan Bahu fəlsəfi dünyagüşündə “Nəfs” və “Zikr” anlayışları”, “Ərəb dilində siyasi istiarələrin ifadə formaları”, “Ərəb yazısının öyrənilməsi və Quran yazı üsulu”, “Yapon və Azərbaycan dillərində tərz kateqoriyasının müqayisəli tədqiqi”, “Xalidə Ədib Adıvarın “Atəşdən köynək” əsərində Aişə obrazı”, “Əbdürrəhman Caminin həyat və yaradıcılığna baxış”, “Nazim Himət poeziyası”, “XX əsrdə ərəb dilinə tərcümə edilmiş Azərbaycan ədəbiyyatı nümunələri”, “Müasir Türk dilində inkarlıq kateqoriyası”, “İbri dilində söz sırası” kimi mövzularda məruzələr dinlənilib.