Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi BDU-da “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri” adlı təlim keçib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri” mövzusunda təlim keçirilib.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı və ADSEA-nın Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun direktor müavini Əhliman Verdiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) ölkəmizdə keçirilməsinin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Agentlik Azərbaycanda suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi və digər məqsədlərin icrası üçün yaradılıb.
Təlimdə ADSEA-nın Meliorasiya Elmi-Tədqiqat İnstitutunun şöbə rəisi Hamlet Fəttayev su ehtiyatlarının qiymətləndirilməsində və idarə edilməsində SCADA sisteminin imkanlarından danışıb. Çıxışda su ehtiyatlarının müasir tələblər səviyyəsində idarə edilməsinin vacibliyi, bu sahədə prioritet istiqamətlər, rəqəmsal texnologiyanın üstünlükləri haqqında tələbələrə geniş məlumat verilib.
Daha sonra İnstitutun mütəxəsisləri Günay Abbasova “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri”, Fidan Əliyeva isə “Müasir iqlim dəyişmələrinin su canlılarına təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda tələbələrin çoxsaylı suallar cavablandırılıb və aktiv tələbələrə hədiyyələr təqdim edilib.