“Qızların təhsilinə dəstək” layihəsində iştirak edən BDU tələbələri ilə görüş

Bakı Dövlət Universitetində (BDU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə tərəfdaşlığı ilə icra olunan “Qızların təhsilinə dəstək” layihəsində iştirak edən BDU tələbələri ilə görüş keçirilib.
Əvvəlcə “Qızların təhsilinə dəstək” layihəsi ilə bağlı qısametrajlı film nümayiş olunub.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycanda zəngin maarifçilik ənənələrinin davam etdirilməsi, qızların təhsil hüququnun təmin olunması və imkanlarının genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafı, humanizm dəyərlərinin təşviqi və qadınların ictimai həyatda fəal iştirakının dəstəklənməsi istiqamətindəki çoxşaxəli fəaliyyəti bu sahəyə mühüm töhfələr verir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci ildən həyata keçirdiyi “Qızların təhsilinə dəstək” layihəsi ölkəmizin maarifçilik ənənələrinin müasir dövrdə davam etdirilməsinin uğurlu nümunələrindəndir. Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan təqaüd proqramları qızların ali təhsil imkanlarını genişləndirməklə yanaşı, onların akademik, peşəkar və şəxsi inkişafına da dəstək verir.
Rektor bildirib ki, BDU da bu mühüm təşəbbüsün ən böyük iştirakçısıdır. Hazırda Universitetdə təhsil alan 67 tələbə qız “Qızların təhsilinə dəstək” layihəsindən yararlanır. Onların 19-u bu il yüksək qəbul balı ilə BDU-ya qəbul olunub. BDU yarandığı gündən milli maarifçilik ənənələrinin yaşadılmasını, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını və gənclərin hərtərəfli inkişafını fəaliyyətinin əsas prioritetlərindən biri hesab edir. Hazırda BDU-da təhsilalanların böyük hissəsini qızlar təşkil edir. Universitetdə qızların keyfiyyətli təhsil alması, elmi tədqiqatlara cəlb olunması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və ictimai həyatda fəal iştirakının dəstəklənməsi istiqamətində bütün şərait var: “Böyük xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyevin qızların təhsili naminə göstərdiyi tarixi xidmətlər bu gün də öz mənəvi əhəmiyyətini qoruyur. İnanıram ki, həmin maarifçilik ənənələri gənc qızlarımızın uğurları ilə zənginləşəcək, gələcək nəsillər üçün yeni imkanlar və perspektivlər açacaq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında vurğulayıb ki, qızların təhsil almasına dəstək olmaq, onların sosial imkanlarından asılı olmayaraq təhsil prosesində iştirakını təmin etmək cəmiyyətin ortaq məsuliyyətidir. “Qızların təhsilinə dəstək” layihəsi məhz bu məqsədlə yaranıb və illər ərzində ictimai həmrəyliyin, xeyirxahlığın və qadınların bir-birinə dəstəyinin uğurlu nümunəsinə çevrilib. Layihənin ilkin mərhələsində 14 qızın təhsilinə dəstək göstərilib və 5 il ərzində 730 qız bundan yararlanıb. Layihə Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq sayəsində həyata keçirilir. Bu ildən Komitə Hacı Zeynalabdin Tağıyev adına yeni təqaüd təsis edib və 22 qız həmin təqaüdü qazanıb: "Qarşıdakı il üçün əsas hədəfimiz təqaüd alanların sayını ən azı 100 nəfərə çatdırmaqdır. Bu layihələrin iştirakçıları olan qızlar Azərbaycanın maarifçi qadınlarının davamçılarıdır. Bu baxımdan onların üzərinə böyük missiya düşür. Layihənin artıq məzun şəbəkəsi də fəaliyyət göstərir. Layihənin məzunları oxuduqları universitetlərlə əlaqələri intensivləşdirməli, həmin ali təhsil müəssisələrində “Gənc qızların təhsilinə dəstək” klubunu yaratmalıdırlar".
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli qeyd edib ki, layihənin əsas missiyası istedadlı gənc qızları daha yaxşı gələcək qurmağa yönəltməkdir: “Təhsilin İnkişafı Fondunun belə mühüm layihənin tərkib hissəsi olması qürurvericidir. Əminəm ki, layihənin iştirakçısı olan qızlarımız bundan sonrakı fəaliyyətlərində maarifçilik ideyalarını davam etdirəcək, özləri kimi istedadlı qızlara dəstək olacaqlar. Bu, onların həyatının qayəsinə çevriləcək”.
Sonra 2026-cı il üçün layihənin iştirakçısı adını qazanan BDU tələbələrinə sertifikatlar təqdim olunub.
Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları - BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Fatimə Nəsirli, Hüquq fakültəsinin III kurs tələbəsi Güllü Abbasova, “Qızların təhsilinə dəstək” layihəsinin BDU üzrə yeni koordinatoru, Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Mədinə Xəlilova layihənin istedadlı gənc qızların həyatında mühüm yer tutduğunu bildirib, iştirakçılara uğurlar arzulayıblar.