BDU-nun professoru Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans iki bölmə iclası ilə davam edir

Bakı Dövlət Universitetində (BDU) görkəmli fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, BDU-nun professoru Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş “Qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar” mövzusunda Beynəlxalq elmi konfrans iki bölmə iclası ilə davam edir.
“Funksional materiallar – Nəzəriyyə, əsas xassələr” və “Nanotexnologiya və optoelektron cihazlarda tətbiqlər” adlı bölmələrdə 47 məruzə dinlənilib.
Qeyd olunub ki, funksional materiallar və nanotexnologiyalar bərpa olunan enerji, mikro- və optoelektronika, sensor texnologiyaları, tibbi diaqnostika, ətraf mühitin mühafizəsi və digər sahələrdə geniş tətbiq olunur. Daha səmərəli günəş elementlərinin, yüksək həssaslığa malik sensorların, uzunömürlü enerji mənbələrinin və çevik elektron cihazların yaradılması məhz bu istiqamətdə aparılan tədqiqatlarla bağlıdır. Sahənin fənlərarası xarakter daşıması fizika, kimya, materialşünaslıq və mühəndislik üzrə mütəxəssislərin birgə fəaliyyətini və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsini xüsusilə vacib edir.