BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Fizika fakültəsinin bir qrup əməkdaşı fakültənin şəhid məzunu Şəhriyar Həbibinin Lənkəran rayonunun Osaküçə kəndindəki məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Universitet əməkdaşları şəhidin ailəsinə də baş çəkiblər.
Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olub. 2010-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində, Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da Qubadlı döyüşlərində həlak olub. Lənkəranın Osaküçə kəndində dəfn olunub. O, ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.