BDU-nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 18-də Qazaxıstanın paytaxtı Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir.
Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan forum Avrasiya məkanının aparıcı universitetləri və beynəlxalq təşkilatlarının rəhbərlırini və müxtəlif təhsil platformalarını bir araya gətirib.
Forumun ilk günü Qazaxıstan Milli İdman Universitetində keçirilib. Açılış mərasimində nümayiş etdirilən “Qazaxıstan – akademik və elmi bilik məkanı” videoçarxında ölkənin təhsil və tədqiqat sahəsindəki uğurları, aparılan islahatlar nümayiş etdirilib. Forumu Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek açıb. Nazir ölkədə ali təhsilin beynəlmiləlləşməsi siyasətinə və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayrıldığını vurğulayıb.
Forumun işi ali təhsilin əsas inkişaf istiqamətlərinə həsr olunmuş panel sessiyaları ilə davam edib. Panel sessiyalarında transmilli təhsil və universitet filiallarının fəaliyyəti, rəqəmsal platformaların tədrisə inteqrasiyası, elmin və innovasiyanın ali təhsilin gələcəyindəki rolu, qlobal tərəfdaşlıq və universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi müzakirə olunub. Eyni zamanda, birgə təhsil proqramları, akademik mobillik və keyfiyyət təminatı məsələlərinə diqqət yetirilib. İştirakçılar ali təhsil müəssisələrinin beynəlxalq elmi-tədqiqat məkanına inteqtasiyası və gələcəyin iqtisadiyyatı üçün zəruri bacarıqların formalaşdırılması barədə fikir mübadiləsi aparıblar.
BDU nümayəndə heyəti bir sıra universitetlərin və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib, gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.
Noyabrın 19-da “Hilton Astana” hotelində Strateji Tərəfdaşlar Forumunun əsas plenar iclası davam edəcək. Günün ikinci yarısında BDU nümayəndə heyəti “QS Quacquarelli Symonds” təşkilatının “Önəmli olanın ölçülməsi” mövzusuna həsr etdiyi “QS Eurasia Forum 2026” tədbirində və “QS World University Rankings 2027” reytinqinin təqdimat mərasimində iştirak edəcək.