BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026” layihəsinin növbəti sessiyaları

Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) birgə tərəfdaşlığı, “BDU könüllüləri”nın təşkilati dəstəyi ilə “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026” layihəsi çərçivəsində ikinci həftənin sessiyaları keçirilib.
Tədbirin birinci hissəsində qonaq spiker qismində çıxış edən Azərbaycan Respublikasının ilk Baş naziri, fövqəladə və səlahiyyətli səfir Həsən Həsənov dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizin atdığı ilk diplomatik addımlar barədə ətraflı məlumat verib. O, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında (BMT) təmsilçiliyi və BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 4 məlum qətnaməsinin qəbul edilməsi prosesindəki diplomatik mübarizədən söz açıb. Həsən Həsənov Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində əsası qoyulan və bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasını və regional liderə çevrilməsini xüsusi vurğulayıb, gənclərə diplomatik bacarıqların inkişafı və uğurlu karyera quruculuğu ilə bağlı tövsiyələr verib.
İkinci hissədə İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov müasir dövrdə baş verən qlobal və regional münaqişələr mövzusunda mühazirə oxuyub. O, münaqişələrin geosiyasi səbəbləri və nəticələri, məsələlərə paralel baxış bucaqları, dəyişən beynəlxalq reallıqlar prizmasından yanaşma və mümkün həll yolları barədə iştirakçıları məlumatlandırıb. Rafiq İsmayılov müasir qlobal rəqabətin yalnız ənənəvi və fiziki müharibələrlə məhdudlaşmadığını, innovasiya və texnologiya yarışları, eləcə də iqtisadi dözümlülük müstəvisində cərəyan etdiyini diqqətə çatdıraraq, gənclərdə analitik təhlil bacarıqlarının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
İnteraktiv formatda keçən sessiyaların sonunda spikerlər tələbələri maraqlandıran sualları cavablandırıblar.
Xatırladaq ki, artıq 16 ildir keçirilən “İƏT Modeli” proqramının əsas məqsədi İƏT məkanında gənclər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dəstək vermək, gənclər təşkilatlarının rəhbər və üzvlərinin diplomatiya, idarəetmə və kommunikasiya sahələrində yeni bilik və təcrübə əldə etmələrinə şərait yaratmaqdır.