BDU-nun doktorantı Portuqaliyanın Porto Universitetində elmi tədqiqat aparıb

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi və Fizika fakültəsinin Yarımkeçiricilər fizikası ixtisası üzrə doktorantı Zeynəb Addayeva Portuqaliyanın Porto Universitetində elmi tədqiqat və eksperimental işlər həyata keçirib. Zeynəb Addayeva elmi ezamiyyət çərçivəsində FeGaInS₄ laylı yarımkeçirici kristalının maqnit və maqnitotransport xassələrini tədqiq edib.
Tədqiqat işləri Porto Universitetinin Elmlər fakültəsinin Qabaqcıl Materiallar, Nanotexnologiya və Fotonika Fizikası İnstitutunda (IFIMUP) Sergiy Bunyayevin rəhbərliyi və elmi koordinasiyası ilə həyata keçirilib. Tədqiqatın əsas məqsədi FeGaInS4 kristalının maqnitləşməsinin və elektrik müqavimətinin temperaturdan və maqnit sahəsindən asılılığını öyrənmək, maqnit sahəsinin istiqamətinin kristalın elektrik xassələrinə təsirini müəyyənləşdirmək və materialın sensor texnologiyalarında potensial tətbiq imkanlarını qiymətləndirmək olub.
Ezamiyyət müddətində kristalın maqnit xassələri yüksək həssaslıqlı SQUID-VSM (Superconducting Quantum Interference Device – Vibrating Sample Magnetometer) maqnitometrində tədqiq edilib. Bu məqsədlə maqnitləşmənin temperaturdan və maqnit sahəsindən asılılığı üzrə ölçmələr aparılıb. Eyni zamanda, kristalın elektrik müqavimətinin temperatur və maqnit sahəsindən asılılığını araşdırmaq üçün institutun kriostat və elektromaqnit sistemindən ibarət maqnitotransport ölçmə qurğusundan istifadə olunub.
Elektrik ölçmələri 175–330 K temperatur intervalında maqnit sahəsi olmadan (0 T), eləcə də 1 T maqnit sahəsinin kristalloqrafik c oxuna paralel (\(B\parallel c\)) və perpendikulyar (\(B\perp c\)) istiqamətlərdə tətbiqi şəraitində icra edilib. Hər üç ölçmə konfiqurasiyası üzrə həm soyutma, həm də qızdırma rejimlərində aparılan təcrübələrdə ümumilikdə 7 ölçmə seriyası üzrə 140 mindən çox eksperimental nöqtə qeydə alınıb.
Əldə olunan göstəricilər adıçəkilən kristalının temperatur sensorlarının hazırlanmasında tətbiq imkanlarının araşdırılması üçün mühüm elmi əsas yaradır. Növbəti mərhələdə tədqiqatların aşağı temperaturlarda və maqnit sahəsinin müxtəlif qiymətlərində davam etdirilməsi, maqnit və elektrik xassələri arasındakı əlaqələrin müqayisəli təhlili, həmçinin maqnit sahəsinə həssas sensor elementlərinin hazırlanması imkanlarının qiymətləndirilməsi planlaşdırılır.
Bu elmi ezamiyyət BDU ilə Porto Universiteti arasında akademik əməkdaşlığın inkişafına da mühüm töhfə verib. Gələcəkdə iki qurum arasında laylı yarımkeçirici materialların tədqiqi, birgə elmi məqalələrin nəşri və ortaq beynəlxalq layihələrin icrası istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.