“BDU Könüllüləri” təşkilatı tələbələrin fərdi inkişafını, sosial fəallığını və peşəkar bacarıqlarını artırmaq məqsədilə çoxşaxəli fəaliyyət həyata keçirir. Təşkilatın əsas istiqamətləri aşağıdakılardır:
- Təlim və inkişaf
Tələbələrin liderlik və komanda işi bacarıqlarının formalaşdırılması, ictimai fəallıqlarının artırılması təşkilatın prioritetlərindəndir. Bu məqsədlə motivasiya görüşləri, seminarlar və interaktiv təlimlər keçirilir. Könüllülərin diplomatik düşüncə, qlobal siyasət və beynəlxalq münasibətlər sahəsində biliklərini artırmaq üçün model simulyasiya konfransları təşkil olunur.
- Sosial layihələr və inteqrasiya
Könüllülük təkcə Universitet çərçivəsi ilə məhdudlaşmır. “Məzunun izində” layihəsi vasitəsilə tələbələrlə məzunlar arasında bilik və təcrübə mübadiləsi həyata keçirilir. “SDG tələbə səfirləri” proqramı isə gənclərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığını artırır və sosial məsuliyyətlərini gücləndirir.
- Ekoloji təşəbbüslər
Təşkilat tələbələrdə ekoloji şüurun formalaşdırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə ağacəkmə və güləkmə aksiyaları, “Ekoloji bilik günü”, “İqlim həftəsi” və COP29 simulyasiyaları təşkil olunur. “Köhnə batareyaya yeni həyat ver” layihəsi çərçivəsində istifadə olunmuş batareyaların təhlükəsiz şəkildə toplanması və təhvil verilməsi həyata keçirilir.
- İnformal öyrənmə
Tələbələrin əylənərək öyrənməsi və sosial bacarıqlarının inkişafı üçün maarifləndirici ekskursiyalar, gənclər düşərgələri və müxtəlif interaktiv görüşlər təşkil edilir. Bu fəaliyyətlər könüllülərin həm biliklərini artırır, həm də sosial əlaqələrini möhkəmləndirir.
- Asudə vaxtın təşkili
Tələbələrin yaradıcılıq və intellektual bacarıqlarının inkişafına dəstək olmaq üçün təşkilatın nəzdində müxtəlif klublar fəaliyyət göstərir. Onlardan ən fəalı “KönüllüBand” musiqi klubudur. Klubun təşkil etdiyi konsert proqramları tələbələrin musiqi sahəsindəki bacarıqlarını üzə çıxarmaqla yanaşı, səhnə mədəniyyətini və komanda yaradıcılığını inkişaf etdirir. “Qardaşlıq” konserti, inklüziv fərdlərə həsr olunmuş “Fərqli fərdlər” layihəsi və müxtəlif əlamətdar günlərə həsr olunan musiqi çıxışları bu fəaliyyətlərin ən yaddaqalan nümunələrindəndir.