BDU-nun Biologiya fakültəsinin rəhbərliyi “SABAH.city”də təhsil alan tələbələrlə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin rəhbərliyi “SABAH.city”də təhsil alan tələbələrlə görüş keçirib. Görüşün əsas məqsədi tələbələrin akademik və elmi fəaliyyətinin dəstəklənməsi, onların peşəkar inkişaf perspektivlərinin müzakirəsi, habelə fakültə rəhbərliyi ilə tələbələr arasında birbaşa akademik dialoqun təmin olunması olub.
Tədbirdə çıxış edən Biologiya fakültəsinin dekanı Afət Məmmədova müasir ali təhsilin inkişaf istiqamətlərindən, innovativ tədris yanaşmalarından və elmi-tədqiqatların rolundan bəhs edib. O, ölkəmizdə elm və təhsilə dövlət səviyyəsində göstərilən qayğını vurğulayaraq, gənclər üçün yaradılan müasir şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. Dekan, həmçinin “SABAH.city”də tələbələrin hərtərəfli inkişafı və tədqiqatlarla məşğul olması üçün yaradılan imkanlara görə BDU rəhbərliyinə təşəkkürünü ifadə edib.
Afət Məmmədova nəzəri biliklərin praktik bacarıqlarla vəhdətinin yüksəkixtisaslı mütəxəssis hazırlığındakı əhəmiyyətini diqqətə çatdırıb. O, tələbələri elmi layihələrdə fəal iştirak etməyə, müstəqil öyrənmə, tənqidi təfəkkür və təşəbbüskarlıq bacarıqlarını daim inkişaf etdirməyə çağırıb.
İnteraktiv formatda davam edən görüşdə tədrisin təşkili və karyera perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
Proqram çərçivəsində Biologiya fakültəsinin digər bir qrup tələbəsi üçün “SABAH.city” tanışlıq turu və infosessiya da təşkil olunub. Tələbələr buradakı müasir infrastruktur və tədris mühiti ilə yaxından tanış olublar.
Keçirilən görüş və tanışlıq proqramı tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması və “SABAH.city”nin təqdim etdiyi imkanlardan səmərəli istifadənin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.